Vişeqrad Qrupu Avropa İttifaqına qarşı - Tərəflər nədə razılaşmır?

Vişeqrad Qrupu ölkələri (Macarıstan, Çexiya, Slovakiya və Polşa) Avropa İttifaqının (Aİ) Miqrasiya Paktının həmrəylik mexanizmi çərçivəsində miqrantları qəbul etmək öhdəliklərinə məhkəmə yolu ilə etiraz etməyi planlaşdırırlar.
Sfera.az xəbər verir ki, bu barədə “Euronews” xəbər yayıb.
Çərşənbə axşamı qəbul edilən yeni qaydalara əsasən, Aİ-yə üzv ölkələr miqrasiya təzyiqi altında olan dövlətlərin yükünü yüngülləşdirməyə borcludurlar. Bu öhdəlik üç formada yerinə yetirilə bilər:
1. Sığınacaq axtaran şəxsləri qəbul etməklə;
2. Hər bir rədd edilmiş miqrant üçün “həmrəylik fondu”na 20 min avro ödəməklə;
3. Ən çox köçkün yerləşdirən ölkələrə maliyyə dəstəyi göstərməklə.
Aİ bu mexanizm çərçivəsində minimum 30 min miqrantın yerləşdirilməsini və 600 milyon avro maliyyə ayrılmasını planlaşdırır. Lakin “Euronews” qeyd edir ki, Vişeqrad Dördlüyü bu ssenarilərin heç birini qəbul etmir və Aİ-nin yeni miqrasiya siyasətinə qarşı hüquqi mübarizəyə hazırlaşır.
Bir Avropa diplomatı bildirib ki, Miqrasiya paktının həyata keçirilməsi çətin olacaq, çünki bir çox üzv dövlətlər miqrantların ölkə daxilində mənfi reaksiya doğuracağından ehtiyatlanır və onları qəbul etməkdən çəkinirlər. Onun sözlərinə görə, Polşa və Çexiya özlərindəki mürəkkəb miqrasiya vəziyyətinə görə yeni öhdəliklərdən azad olunmaq istəyə bilərlər. Diplomat əlavə edib ki, əgər üzv ölkələrin əksəriyyəti miqrant qəbulundan imtina etsə, Avropa Komissiyasının (AK) onları cərimələmək səlahiyyəti məhdud olacaq.
Qeyd edək ki, noyabrın 11-də Avropa Komissiyası Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Xorvatiya və Avstriyanın artan miqrasiya təzyiqi ilə üzləşdiyini açıqlayıb. Buna görə də bu ölkələrə 2026-cı ildə miqrant qəbulundan qismən və ya tam imtina etmək üçün müraciət etmə imkanı təklif olunub.
Niyaz Hacıyev
Sfera.az






