ABŞ-də şatdaun ləğv edildi

ABŞ tarixinin ən uzun şatdaunu (hökumətin bağlanması) başa çatıb.
Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl Senatın və bu gün Nümayəndələr Palatasının hökumətin maliyyələşməsi ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləməsindən sonra layihə Prezident Donald Tramp tərəfindən imzalanıb.
Layihə hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutur.
Sənəd federal agentliklərin maliyyələşdirilməsini bərpa edir, dövlət işçiləri arasında ixtisarları dayandırır və hökumətin bağlanması zamanı maaş almayan işçilərə kompensasiya təmin edir. Həmçinin, bağlanmanın yaratdığı xərcləri ödəmək üçün öz vəsaitlərindən istifadə edən ştatlar üçün kompensasiya təmin edir.
Sənəddə xərclərə nəzarətin artırılması nəzərdə tutulmasa da, Pentaqona əvvəllər maliyyələşdirilməyən yeni hərbi proqramlar başlatmağı qadağan edir. Qanun daha geniş büdcə planı üçün əsas rolunu oynayacaq.
Qeyd edək ki, oktyabrın 1-dən bu yana 43 gün davam edən bağlanma ABŞ tarixinə ən uzun şatdaun kimi düşüb.
Firuzə Əliyeva
Sfera.az






