Netanyahu əfv axtarışında - Baş nazir deputatlardan dəstək istəyir

Korrupsiya ittihamı ilə mühakimə olunan İsrailin Baş naziri Benyamin Netanyahu haqqında yeni iddialar yayılıb. Məlumata görə, Netanyahu özünü əfv etdirmək məqsədilə Prezident İsaak Hersoqa təzyiq göstərmək üçün nazirlərdən və “Likud” Partiyasının millət vəkillərindən ictimai dəstək yaratmağı istəyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İsrail Prezidenti Hersoqa göndərdiyi məktubun ardından Netanyahu komandasına ictimai rəy formalaşdırmaq tapşırığı verib.
Həmin məktubda Tramp, korrupsiya ittihamı ilə mühakimə edilən Netanyahuya əfv verilməsini istəyib.
Xəbərdə bildirilir ki, bəzi nazirlər Trampın məktubuna görə ona təşəkkür edib. Lakin Netanyahu yaxın çevrəsinə bu mərhələdə prezidentdən rəsmi şəkildə əfv istəməyi düşünmədiyini bildirib.
Baş nazir sosial media hesabında Trampa “inanılmaz dəstəyi” üçün təşəkkür edərək bildirib:
“Tramp hər zaman olduğu kimi birbaşa danışır. Təhlükəsizliyi gücləndirmək və sülhü genişləndirmək üçün tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”.
İsrail tarixində vəzifədə olarkən məhkəmə qarşısına çıxan ilk baş nazir kimi tanınan Netanyahuya qarşı üç ayrı korrupsiya işi üzrə “rüşvət alma”, “dövlət etimadını pozma” və “vəzifədən şəxsi məqsədlərlə istifadə etmə” ittihamları irəli sürülüb.
Netanyahuya qarşı məhkəmə prosesi hazırda davam edir.
Bəsti Rəfizadə
Sfera.az






