Kiyev Moskva ilə sülh danışıqlarını dayandırdı — RƏSMİ

Kiyev Moskva ilə sülh danışıqlarını rəsmən dayandırıb.
Sfera.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa deyib.
"Bu il sülh danışıqları əhəmiyyətli irəliləyiş olmadan başa çatdığından, onlar dayandırıldı", - o qeyd edib.
Onun sözlərinə görə, Rusiya dəfələrlə Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu sentyabrın əvvəlində təkrarlayıb. Rusiyalı baş diplomat vurğulayıb ki, Ukrayna böhranının diplomatik yolla nizamlanması Rusiya üçün prioritet olaraq qalır və ilin əvvəlində keçirilən üç raund birbaşa danışıqlar zamanı tərəflər bu istiqamətdə müəyyən irəliləyiş əldə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk dünən “TASS”a bildirib ki, Rusiya İstanbulda Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır və top Ukraynanın meydançasındadır.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların birinci raundu keçirilib və tərəflər “1000-ə 1000” formulu üzrə əsirlərin mübadiləsi və böhranın aradan qaldırılması aspektləri üzrə memorandumların təqdim edilməsi barədə razılığa gəliblər.
İyunun 2-də İstanbulda bərpa olunmuş birbaşa danışıqların ikinci raundu da keçirilib. Onun ardınca tərəflər sülh şərtlərini, eləcə də ağır yaralanmış hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Moskva da həlak olan bir neçə min əsgərin cəsədini Kiyevə təhvil verib.
İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Kollektiv iclasdan əvvəl nümayəndə heyətinin rəhbərləri Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov arasında təkbətək söhbət olub. Kollektiv iclas 40 dəqiqəyə yaxın davam edib və tərəflər memorandum layihələrində əksini tapmış mövqeləri müzakirə ediblər.
Firuzə Əliyeva
Sfera.az






