ABŞ-də uçuşlar ləğv edilir - SƏBƏB

ABŞ Senatının federal hökumətin yenidən fəaliyyətə başlamasına dair müvəqqəti büdcə layihəsini təsdiqləməsinə baxmayaraq, ölkədə uçuşların ləğv sayı artır.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ-nin Nəqliyyat naziri Şon Daffi Çikaqo Beynəlxalq hava limanlarının birində keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda uçuşların 6 faizi ləğv olunub.
Nazir əlavə edib ki, ilin ən sıx səyahət dövrlərindən biri olan “Şükran Günü” ərəfəsində gecikmə və ləğvlərin daha da artması gözlənilir.
Daffinin sözlərinə görə, hökumət yenidən fəaliyyətə başlasa belə, hava nəzarətçilərinin dərhal işə dönməsi mümkün deyil və bu, aviasiya sistemindəki axsamaların davam etməsinə səbəb olacaq. Nazir vəziyyətin xüsusilə “Şükran Günü” dövründəki səyahətləri çətinləşdirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Daffi 5 noyabrda hökumətin bağlanması nəticəsində hava nəzarətçiləri üzərində yaranan yükü azaltmaq üçün 40 hava limanında uçuş həcminin 10 faiz azaldılacağını açıqlamışdı.
Bəsti Rəfizadə
Sfera.az






