Rusiya İstanbul danışıqlarının bərpasını istəyir

Rusiya istənilən an İstanbulda Ukrayna tərəfi ilə danışıqlar aparmağa hazırdır, lakin Kiyev əvvəlki təşəbbüslərə cavab verməyib.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov “TASS”a bildirib.
"Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, biz Ukrayna tərəfi ilə birbaşa danışıqları davam etdirməyə hazırıq. Türkiyəli tərəfdaşlarımız da ardıcıl olaraq İstanbul platformasının bizim üçün əlçatan olduğunu, bu qapıların açıq qaldığını vurğulayıblar. Əgər Kiyev siyasi iradə nümayiş etdirsə, biz hər an belə danışıqlara hazırıq”, - diplomat əlavə edib.
İvanov qeyd edib ki, Rusiya tərəfi danışıqların əvvəlki raundlarında bir sıra təkliflər verib.
"Bütün təşəbbüslər, o cümlədən üç onlayn işçi qrupunun yaradılması irəli sürülüb. Təəssüf ki, biz Ukrayna tərəfdən bu təşəbbüslərə hələ müsbət cavab almamışıq", - o əlavə edib.
Firuzə Əliyeva
Sfera.az






