ABŞ bu şəxslərə viza verməyəcək

ABŞ Dövlət Departamenti dünya miqyasında mübahisə yaradacaq yeni viza qaydasını tətbiq etməyə başlayıb. Yeni təlimata əsasən, konsulluq əməkdaşları piylənmə (obezite) və ya müəyyən sağlamlıq problemləri olan şəxslərin viza müraciətlərini, zəruri hesab etdikləri halda, birbaşa rədd edə biləcəklər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qərar, Donald Tramp administrasiyasının təsdiqi ilə qüvvəyə minib və əsas məqsəd kimi ABŞ-nin ictimai səhiyyə sisteminə əlavə yükün qarşısını almaq göstərilib. Rəsmi məlumata görə, konsulluq əməkdaşları viza qiymətləndirərkən müraciətçinin maddi vəziyyətini, sağlamlıq tarixçəsini və daimi tibbi baxıma ehtiyac duyub-duymadığını nəzərə alacaqlar.
ABŞ mediasının yazdığına görə, təlimatda xüsusilə ürək-damar xəstəlikləri, tənəffüs problemləri, xərçəng, diabet və ruhi sağlamlıq pozğunluqları “risk qrupu” kimi qeyd olunub. Həmçinin piylənmə, yüksək təzyiq və astma kimi xroniki xəstəliklər də potensial viza rəddi səbəbi hesab ediləcək. Yeni qaydaya əsasən, konsulluqlar viza müraciətçilərinin uzunmüddətli dövrdə öz tibbi xərclərini qarşılayacaq maliyyə imkanlara malik olub-olmadığını da araşdıracaq. Pensiya yaşında olan şəxslər isə işləmədən dolanışığını təmin edə biləcəklərini sübut edən sənədlər təqdim etməli olacaqlar.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar sağlamlıq əsaslı ayrı-seçkiliyə yol aça və beynəlxalq səviyyədə ciddi etirazlara səbəb ola bilər. Hazırda dünya əhalisinin təxminən 16 faizi piylənmədən əziyyət çəkir. ABŞ-də isə bu göstərici 40 faizə qədər yüksəlib. Yeni tətbiqin turist vizaları kimi qısamüddətli müraciətlərə necə şamil ediləcəyi isə hələ də qeyri-müəyyəndir.
Bəsti Rəfizadə
Sfera.az






