Tramp BBC-yə 1 milyardlıq iddia qaldıracaq

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın aparıcı media qurumu olan BBC-yə qarşı 1 milyard dollarlıq təzminat iddiası qaldırmağa hazırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Trampın hüquq komandası BBC-yə göndərdiyi rəsmi bildirişdə 6 yanvar 2021-ci ildəki çıxışının sənədli filmdə “aldadıcı şəkildə montajlandığını” bildirib.
Sənəddə qeyd olunur ki, çıxışın tam versiyasında Tramp tərəfdarlarını Konqresə “sülh və vətənpərvərlik ruhunda yürüməyə” çağırıb. Lakin BBC-nin “Tramp: İkinci bir şans?” adlı sənədli filmində iki fərqli çıxış birləşdirilərək təqdim olunub və nəticədə Trampın “Konqresə gedin və mübarizə aparın” mesajı verdiyi təəssüratı yaradılıb.
Trampın hüquq komandası xəbərdarlıq edib ki, əgər BBC 14 noyabra qədər filmi düzəltməsə və ya efirdən çıxarmasa, quruma qarşı 1 milyard dollarlıq təzminat iddiası veriləcək. BBC isə məsələ ilə bağlı açıqlamasında sənədin araşdırıldığını və yaxın zamanda rəsmi cavab veriləcəyini bildirib.
“The Telegraph” qəzetinin məlumatına görə, sözügedən sənədli film 28 oktyabr 2024-cü ildə “BBC News” kanalının “Panorama” proqramında yayımlanıb. Hadisənin ictimailəşməsindən sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Debora Törness istefa veriblər. Tramp sosial media hesabında məsələ ilə bağlı yazıb: “BBC-də ən yüksək səviyyəli şəxslər, o cümlədən baş direktor Tim Deyvi, mənim 6 yanvar çıxışımı saxtalaşdırarkən yaxalandıqları üçün istefa verdilər və ya qovuldular”. BBC sonradan açıqlama yayaraq Tramp haqqında hazırlanan sənədli filmdə “yanlış qiymətləndirmə” baş verdiyini etiraf edib və rəsmi üzr istəyib.
Bəsti Rəfizadə
Sfera.az






