Orban Trampla razılaşmadan danışdı: "Sanksiyalar tətbiq edilməyəcək”

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o və ABŞ Prezidenti Donald Tramp Macarıstanın Rusiya neftinə qarşı ABŞ sanksiyalarından qeyri-müəyyən müddətə azad ediləcəyi barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, məsələ noyabrın 7-də Ağ Evdə keçirilən görüş zamanı müzakirə olunub.
“Prezident Trampla mənim aramızda əl sıxma razılığımız var ki, Macarıstan ABŞ-nin neft sanksiyalarından qeyri-müəyyən müddətə azad olunacaq. Nə qədər ki, o, orada prezidentdir və mən burada baş nazirəm, heç bir sanksiya tətbiq edilməyəcək”, – deyə Orban “Facebook”da yazıb.
Orbanın paylaşımı ABŞ administrasiyasının anonim rəsmilərinin "Reuters" agentliyinə verdiyi açıqlamadan sonra yayımlanıb. Rəsmilər Macarıstanın Rusiya neft və qaz tədarükünə qarşı sanksiyalardan cəmi bir il müddətinə azad ediləcəyini bildirmişdilər.
Ağ Evdəki danışıqlarda iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bu iddiaları təkzib edib. O qeyd edib ki, Tramp görüş zamanı heç bir konkret müddət göstərməyib. Bununla belə, Siyarto etiraf edib ki, ABŞ dövlət qurumlarının bu qərarı rəsmi sənədlərdə necə ifadə edəcəyi hələlik aydın deyil.
Əslində, Macarıstan və ABŞ rəsmilərinin açıqlamaları bir-birinə tam zidd deyil. Macarıstan ilkin mərhələdə bir illik azadolma əldə etsə belə, Trampın bəyanatı bu qərarın gələcəkdə avtomatik olaraq uzadılacağına işarə edir.
Niyaz Hacıyev
Sfera.az






