200-dən çox fələstinlinin cəsədi Qəzzaya təhvil verildi

HƏMAS ilə razılaşmadan sonra İsrail hakimiyyəti anklavda İsrail qüvvələri tərəfindən öldürülən 200-dən çox fələstinlinin cəsədini Qəzzanın Səhiyyə Nazirliyinə təhvil verib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
"30 fələstinlinin cəsədi Nazirlik tərəfindən qəbul edilib", - nazirliyin açıqlamasında deyilib. Meyitlər İsrail tərəfi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri vasitəsilə təhvil verilib. Açıqlamaya görə, HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra ümumilikdə Səhiyyə Nazirliyi 225 fələstinlinin cənazəsini qəbul edib.
Nazirlik bildirib ki, ixtisaslaşmış tibb qrupları “müəyyən edilmiş prosedurlara uyğun olaraq meyitlərin müayinəsini və sonradan ölənlərin ailələrinə təhvil verilməsi üçün onların şəxsiyyətini müəyyənləşdirməkdə davam edir”.
Nazirliyin daha əvvəl bildirdiyi kimi, şəxsiyyəti müəyyən edilməyən fələstinlilərin qalıqları Qəzzanın mərkəzində yerləşən xüsusi qəbiristanlıqda dəfn edilir.
Oktyabrın 9-da Qəzza münaqişəsinin tərəfləri ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Fələstin zolağında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Fidan Hacızadə
Sfera.az






