İsraildə hərbi xidmətlə bağlı etirazlar başladı

İsraildə hərbi xidmətdən azadolma məsələsinə qarşı narazılıq böyüyür. Minlərlə Yəhudi Qüdsdə toplanaraq məcburi hərbi xidmətlə bağlı yeni qanun layihəsini etirazla qarşılyıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, etirazların səbəbi Knessetdə (İsrail parlamenti) hərbi xidmət haqqında yeni qanun layihəsinin gələn həftə komitədə müzakirəyə çıxarılması yönündə qərardan sonra alovlanıb. Cümə axşamı Qüdsə toplanan yüz minlərlə Haredi məzhəbinə mənsub nümayişçi şəhərin girişlərini bağlayıb, yolları kəsib və İsrail bayrağını yandırıblar. Əllərində “Həbsə düşməyi üstün tuturuq” yazılı plakatlar tutan etirazçılar dini marşlar oxuyub və dua ediblər.
Polis 2 mindən çox təhlükəsizlik əməkdaşını əraziyə cəlb edib. Şəhərin əsas magistral yolları bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Etiraz yalnız kişilərin iştirakı ilə keçirilib, qadınlara isə kiçik bir ərazi ayrılıb. Nümayişçilər arasında “orduya getməkdənsə ölməyi seçərik” deyənlər də olub. Polis uzun müddət davam edən aksiya zamanı izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Etiraz zamanı tikilməkdə olan binadan yıxılan gənc bir şəxs həyatını itirib. Ekspertlər hesab edirlər ki, yaranmış böhran Baş nazir Benyamin Netanyahunu erkən seçki qərarı almağa məcbur edə bilər. Etirazçılardan biri bildirib: “Bu gün sadəcə Tövratı oxumaq istəyən 18 yaşlı bir gəncin həbs olunması mümkündür. Bu, çox acı bir vəziyyətdir”.
Bəsti Rəfizadə
Sfera.az






