Hollandiya ilk gey Baş nazirini seçdi

Hollandiyada keçirilən parlament seçkilərində solçu D66 partiyasının lideri Rob Cetten ölkənin ilk açıq gey Baş naziri olmağa hazırlaşır. 38 yaşlı siyasətçi seçkilərdə sağçı qüvvələrin ağır məğlubiyyətindən sonra hökumət qurmaq üçün təşəbbüsü ələ alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sağçı lider Qeert Vilders üçün seçkilər tam fiasko ilə nəticələnib. Onun partiyası böyük səs itkisinə uğrayıb və bu nəticə ölkədə mərkəz-sol qüvvələrin yenidən önə çıxmasına səbəb olub. Rob Cetten seçkilərdən sonra verdiyi açıqlamada, “Düşünürəm ki, ən böyük partiya təşəbbüsü ələ almalıdır” deyərək D66-nın 26 mandat qazandığını bildirib.
O, “geniş siyasi mərkəzdən ibarət, əzmli və iddialı hökumət” qurmaq niyyətində olduğunu vurğulayıb. Yeni Baş nazir mənzil böhranına qarşı on yeni şəhər salmaq planı irəli sürüb. O, həmçinin miqrasiya siyasətində islahatlar apararaq qanunsuz miqrasiyanın qarşısını almağı və inteqrasiya proqramlarına daha çox vəsait ayırmağı hədəfləyir.
Cettenin şəxsi həyatı da diqqət mərkəzindədir. O, Argentina millisinin salon hokkeyi oyunçusu Nikolas Santyaqo Keenan ilə nişanlıdır. Cütlük 2022-ci ildən birlikdədir və 2024-cü ildə nişanlanıblar. Onların bu ilin sonunda evlənəcəkləri gözlənilir. Cettenin Baş nazir postuna keçməsi ölkənin mühafizəkar dairələrində narazılıq doğursa da, Hollandiyada eyni cinsdən olanların evliliyi artıq 2001-ci ildən qanunidir. Ekspertlər hesab edir ki, bu nəticə Hollandiya siyasətində dönüş nöqtəsi olacaq və ölkənin gələcək hökumətinin daha liberal və inteqrasiya yönümlü siyasət izləyəcəyini göstərir.
Bəsti Rəfizadə
Sfera.az






