Tramp əmr verdi - "Nüvə silahı..."

Tramp əmr verdi - "Nüvə silahı..."
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamaq əmri verdiyini bildirib.

 

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. Onun sözlərinə görə, ABŞ digər ölkələrlə müqayisədə daha çox nüvə silahına sahibdir.

 

ABŞ Prezidenti Donald Trampın ani qərarı nədən irəli gəlir?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı qərarının, əslində, gözlənilən olduğunu bildirib.

 

Politoloqun sözlərinə görə, son dövrlər Rusiya Prezidenti Vladimir Putinin tərəfindən səsləndirilən bəyanatlar, o cümlədən nüvə silahlarından istifadə ilə bağlı söylədiyi fikirlər, şübhəsiz ki, bütün dünyada, xüsusilə də Qərbdə ciddi narahatlıqla qarşılanır:

 

 

“ABŞ isə Rusiyanın bu aqressiv davranışları qarşısında tədbirlər görmək barədə düşünür. Hesab edirəm ki, Donald Trampın qərarı da məhz bununla bağlıdır. Çünki dünya getdikcə daha gərginləşən mərhələyə daxil olur. ABŞ isə dünyanın fövqəl gücü olaraq bu proseslərə öz münasibətini ortaya qoyur”.

 

Mövzu ilə bağlı saytımıza danışan politoloq Elçin Xalidbəyli isə ABŞ-nin hazırda həm Rusiya, həm də Çinlə qarşıdurma vəziyyətində olduğunu deyib:

 

 

“Bu vəziyyət artıq qeyri-hərbi alətlərlə həll edilə biləcək səviyyəni keçib. Böyük ehtimalla Moskvanın Vaşinqton tərəfindən irəli sürülən sülh şərtləri ilə razılaşmaması və eyni zamanda bütün dünyanı nüvə faktoru üzərindən təhdid etməsi ABŞ prezidentini də ciddi şəkildə narahat edir. Rusiya həlledici məqamda məğlubiyyətə yaxın bir vəziyyətə düşərsə və iqtisadiyyatı tam çökərsə, bu, ölkənin dağılmasına səbəb ola bilər. Belə bir halda Moskvanın beynəlxalq rəqiblərinə qarşı nüvə zərbəsi endirməsi inkarolunmaz reallıq kimi görünür. Ola bilər ki, ABŞ kəşfiyyatının bu barədə ciddi məlumatları mövcuddur və həmin məlumatlar da Prezident Donald Trampa təqdim edilib”.

 

Elçin Xalidbəylinin fikrincə, məhz bu səbəblər ABŞ-nin nüvə sınaqlarına başlama qərarına təsir etmiş ola bilər:

 

"Bundan əlavə, ABŞ hazırda Çin və Şimali Koreya ilə də bütün sahələr üzrə gərgin rəqabət vəziyyətindədir. Bu rəqabət son dövrlər maksimum həddə çataraq qarşıdurma meyillərini gücləndirib. Belə bir şəraitdə Rusiya-Çin-Şimali Koreya üçlüyü ilə mübarizə ABŞ-ni öz hərbi potensialında olan bütün silahlardan, o cümlədən nüvə silahından istifadə ehtiyacına gətirib çıxara bilər. Lakin bu qərarın əsl səbəbləri, yəqin ki, sınaqlar başladıqdan sonra daha aydın şəkildə üzə çıxacaq. Məlumata görə, ABŞ sonuncu dəfə nüvə sınağını 1992-ci ildə həyata keçirib və həmin vaxtdan etibarən bu cür testləri dayandırmışdı. Hazırda hansı növ sınaqların keçiriləcəyi və onların harada aparılacağı barədə rəsmi məlumat verilməyib”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR