Trampla Orban görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Sfera.az xəbər verir ki, bu barədə mətbuat üçün brifinqdə baş nazir aparatının rəhbəri Qergeli Huyas bildirib. Huyas qeyd edib ki, iki ölkə liderlərinin görüşü zamanı maliyyə, iqtisadiyyat, energetika və hərbi-sənaye sahələrində geniş sazişlər paketi müzakirə olunacaq.
O həmçinin vurğulayıb ki, Macarıstanın baş naziri ardıcıl olaraq sülhü müdafiə edir və Ukrayna böhranının həlli üçün Rusiya, Çin, ABŞ və Ukraynaya səfərlər edib. Huyas əlavə edib ki, ABŞ prezidenti də bu məqsədə çatmaq üçün ciddi səylər göstərir.
Baş nazir aparatının rəhbəri bildirib ki, Macarıstan hökuməti Rusiya və ABŞ prezidentlərinin növbəti görüşləri üçün Budapeşti məkan kimi seçməsindən məmnundur və məqsəd münaqişə tərəfləri arasında sülh razılaşmasına nail olmaqdır. Huyas əmin edib ki, Budapeşt sülh sammitinin təşkilində Avropa liderləri fərqli siyasət yürütməsələr də, lazımi dəstəyi göstərəcək.
Niyaz Hacıyev
Sfera.az






