Suriya və İsrail təhlükəsizlik sazişinə yaxınlaşdı

Suriya və İsrail təhlükəsizlik sazişinə yaxınlaşdı
Kateqoriya məlum deyil
T

Suriya və İsrail nümayəndə heyətləri arasında birgə təhlükəsizlik tədbirlərinin hazırlanması üzrə danışıqlar yekunlaşmaq üzrədir.

 

Sfera.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Tərəflər Suriyanın cənubundakı, o cümlədən druzların yaşadığı Əs-Suveyda əyalətindəki vəziyyəti tənzimləyəcək sazişin imzalanmasına yaxındırlar.

 

Kanalın məlumatına əsasən, ABŞ-nin vasitəçiliyi tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına mühüm töhfə verib. Qarşıdan gələn ikitərəfli saziş, bəzi dəyişikliklərlə, əsasən İsrail və Suriya qüvvələrinin Qolan Təpələrindəki döyüşlərdən çıxarılmasına dair 1974-cü il razılaşmasına bənzəyəcək. Yeni sənəd Suriyanın cənubundakı bir neçə nöqtədə, o cümlədən Livanla sərhəddə yerləşən Hermon (Cebel əl-Şeyx) dağında Suriya-ABŞ-İsrail birgə iştirakını nəzərdə tutur.

 

Mənbələrin bildirdiyinə görə, Suriya keçid hökuməti druz icmasına (ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər zərər verilməyəcəyinə və Əs-Suveyda sakinlərinin işlə təmin edilməsi üçün zəruri addımların atılacağına söz verib. İsrail isə iyul ayında icmalararası toqquşmaların baş verdiyi bu bölgəni Suriyanın qalan hissəsindən ayırmaq niyyətində olmadığını bəyan edib. Razılaşmanın həyata keçirilməsinə nəzarət üçün birgə sərhəddə üçtərəfli təhlükəsizlik komitəsi yaradılacaq.

 

Qeyd olunur ki, Suriya və İsrailin əvvəlcə sentyabrın 24-25-də saziş imzalaması planlaşdırılırdı. ABŞ BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası zamanı sənədin imzalanmasında israrlı idi. Lakin İsrailin Əs-Suveydaya birbaşa humanitar dəhliz tələbi və Dəməşqin İsraili druz lideri Şeyx Hikmət əl-Həcərinin rəhbərlik etdiyi separatçı qüvvələri dəstəkləməkdə ittiham etməsi danışıqları çətinləşdirib.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR