Ağıllı tozsoran evdən gizli məlumat ötürüb

Ağıllı ev texnologiyalarının təhlükəsizliyi ilə bağlı yeni qalmaqal yaşanıb. Proqram mühəndisi Harişankar Narayanan 300 dollarlıq “iLife A11” model robot tozsoranının evindən gizlicə məlumat göndərdiyini üzə çıxarıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Narayanan şəxsi bloqu “Small World”də yazdığı paylaşımda bildirib ki, təxminən bir ildir istifadə etdiyi tozsoranın “şübhəli davranışlarını” görüb və cihazın şəbəkə xəttini izləməyə qərar verib. “Bir neçə dəqiqə ərzində dünyanın digər tərəfindəki serverlərə davamlı olaraq məlumat göndərildiyini gördüm”, – deyə mühəndis qeyd edib.
Onun sözlərinə görə, tozsoran istifadəçinin icazəsi olmadan istifadə qeydlərini və sensor məlumatlarını istehsalçı şirkətə ötürürmüş. Mühəndis məlumat ötürülməsini dayandırdıqdan sonra cihazın bir neçə gün içində işləmədiyini və servisdə “problemsiz işlədiyi” bildirilsə də, evə qayıtdıqdan sonra yenidən sıradan çıxdığını bildirib. Zəmanət müddəti bitdikdən sonra cihaz tamamilə istifadə yararsız hala gəlib. Marağı daha da artan Narayanan cihazı sökərək texniki təhlil aparıb.
O, tozsoranda “Android Debug Bridge” (ADB) sisteminin tam açıq vəziyyətdə olduğunu və bunun cihazın xaricdən müdaxiləyə açıq olduğunu aşkar edib. Araşdırma zamanı məlum olub ki, tozsoran “Google Cartographer” adlı açıq mənbəli proqramdan istifadə edərək evin 3D xəritəsini çıxarır və bu məlumatı istehsalçıya göndərir. Daha maraqlısı isə cihazın işləməsini dayandırdığı anda şirkətə məxsus bir “öldürmə əmri” kodunun tapılması olub. Narayanan bu əmri ləğv etdikdə tozsoran yenidən işləməyə başlayıb.
“Bu, uzaqdan idarəetmədən daha qorxuludur cihazı tamamilə sıradan çıxarmaq mümkündür”, – deyə mühəndis qeyd edib. Narayanan hesab edir ki, bu, şirkətin məlumat ötürülməsini dayandıran istifadəçiləri uzaqdan “cəzalandırmaq” imkanına malik olduğunu göstərir.
O, oxşar sistemlərin “onlarla fərqli ağıllı tozsoran modelində” də mövcud olduğunu vurğulayıb: “Evimiz kameralar, mikrofonlar və sensorlarla doludur. Və bunların hamısı, tək bir kod sətri ilə silaha çevrilə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






