Çin Rusiya ilə iqtisadi əlaqələri kəsəcək? - AÇIQLAMA

Çin Rusiya ilə iqtisadi əlaqələri kəsəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Çindən Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində rol oynamasını gözləyir. Bu barədə Avropa Şurasının sədri Antonio Kosta Kuala Lumpurda Çin Baş naziri Li Tsyanq ilə görüşdən sonra açıqlama verib.

 

“Mən açıq şəkildə bildirdim ki, Aİ Çindən bu müharibənin sona çatmasına kömək etməsini gözləyir”, — deyə Kosta bəyan edib.

 

Xatırladaq ki, Çin Rusiyanın əsas neft alıcılarından biridir.

 

Əgər Pekin Ukraynaya yardım etməklə bağlı qərar versə, bu, Rusiyadan enerji idxalının dayandırılması ehtimalını gündəmə gətirir. Bu nə dərəcə realdır?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Aİ-nin bu gözləntisi tamamilə məntiqlidir:

 

 

“Çin Rusiyanın əsas enerji məhsulları alıcısı kimi faktiki olaraq Moskvaya müharibəni davam etdirmək üçün lazım olan maliyyə imkanlarını dolayı yolla təmin edir. Bundan əlavə, sanksiyalar səbəbindən digər ölkələrdən ala bilmədiyi silah və texnika komponentləri də bir sıra hallarda Çin vasitəsilə Rusiyaya ötürülür. Bəzi hallarda bu, Şimali Koreya üzərindən dolayı şəkildə həyata keçirilir, amma bir çox hallarda birbaşa müqavilə səviyyəsində baş verir”.

 

Ekspertin sözlərinə görə, Çin həm də Rusiya ilə münasibətlərini davam etdirən azsaylı ölkələrdən biridir və bu, Pekinə müəyyən təsir imkanları qazandırır.

 

“Aİ rəhbərliyi və ABŞ-nin da Çindən bu istiqamətdə addımlar gözləməsi başadüşüləndir. Məlumdur ki, Donald Tramp da oxşar bəyanatla çıxış edərək ayın 30-da Çin lideri ilə görüş zamanı Ukrayna böhranının həllinə yardım göstərməsini xahiş edəcəyini bildirib”.

 

Politoloq vurğulayıb ki, burada söhbət birbaşa Ukraynaya hərbi və ya maliyyə yardımdan deyil, münaqişənin dayandırılması istiqamətində diplomatik səylərdən gedir:

 

“Hazırda əsas məqsəd atəşkəsin əldə olunması və danışıqların bərpasıdır. Rusiya tərəfi isə Donbasın öz ərazisi kimi tanınması şərtilə müharibənin dayandırılmasını təklif edir ki, bu da nə Ukrayna, nə də onun Qərb tərəfdaşları üçün qəbuledilən variantdır. Çin bu istiqamətdə müəyyən diplomatik addımlar ata bilər. Pekin hər zaman münaqişələrə ölkələrin ərazi bütövlüyü prinsipi çərçivəsində yanaşır, çünki Tayvan məsələsi də onun üçün həssasdır. Ona görə Çin Ukrayna ərazilərinin Rusiyaya verilməsini dəstəkləyəcək mövqedə deyil”.

 

Mütəxəssis əlavə edib ki, Çinin Qərblə münasibətlərində gərginlik Pekin üçün iqtisadi baxımdan sərfəli deyil:

 

“Rusiya ilə Çinin ticarət dövriyyəsi 160 milyard dollardırsa, Çinlə ABŞ arasında bu rəqəm 700 milyard dollardır. Aİ ilə də ticarət həcmi qat-qat çoxdur. Bu baxımdan Çin Qərb və ABŞ ilə münasibətlərdə böyük gərginlik yaranmasında maraqlı deyil. Qısaca, Pekinin mövqeyi Ukrayna müharibəsinin gələcək gedişinə təsir göstərə biləcək əsas amillərdən biri ola bilər”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR