Zelenski açıqlama verdi - Müharibə bitir?

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və onun müttəfiqləri yaxın on gün ərzində atəşkəs planını hazırlamağa razılaşıblar. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin hər hansı bir sülh planını qəbul etməyə hazır olması barədə bəyanatlara şübhə ilə yanaşır.
Atəşkəs planına Putinin cavabı necə ola bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, hazırda elə bir vəziyyət yaranıb ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf bütün imkanlarını səfərbər edib:
“Bu, təkcə Ukraynaya deyil, Rusiyaya da aiddir. Münaqişə tərəfləri arasında ciddi gərginlik hökm sürür, çünki insan qüvvəsi, maddi resurslar, döyüş texnikası və digər vasitələr xeyli dərəcədə tükənib. Təbii ki, müqayisəli şəkildə baxdıqda Rusiya üstün görünür, həm canlı qüvvə, həm də maddi imkanlar baxımından. Lakin problemin yalnız Ukraynada olduğunu demək düzgün olmaz. Rusiyanın da öz daxilində müəyyən çətinlikləri mövcuddur”.
Politoloq Ukraynanın atəşkəsə can atmasının əsas səbəbinin itkilərin miqyasını azaltmaq, ordusuna bir qədər nəfəs alma imkanı yaratmaq olduğunu əlavə edib. Onun sözlərinə görə, artıq dörd ilə yaxındır davam edən müharibə hər iki tərəfi yorub və tükəndirib:
“Buna görə də müəyyən şəraitdə Putin də razılaşmaya getmək məcburiyyətində qala bilər. Bu, yalnız Rusiya tərəfinin ciddi itkilər verməsi halında mümkündür. Əgər Moskva cəbhədə irəliləyiş əldə etdiyini görsə, o zaman müharibənin daha uzunmüddətli davam etməsi ehtimalı artır. Yəni vəziyyət konkret anda formalaşacaq şəraitdən birbaşa asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az






