Estoniya Ukrayna ilə bağlı konfransa ev sahibliyi etmək istəyir

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Baltikyanı respublikanın 2027-ci ildə Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.
“Anlaşma Memorandumunun imzalanması ilə Estoniya 2027-ci ildə Tallinndə Ukraynanın bərpası üzrə konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir”, – deyə Tsahkna Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sybiha ilə görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 10-11 iyul tarixlərində Romada Ukraynanın Yenidənqurulması Konfransı (URC 2025) keçirilib.
Tədbirdə Avropa hökumətlərinin, parlamentlərinin və biznes dairələrinin nümayəndələri iştirak ediblər. Konfransın əsas mövzusu Ukraynada mülki infrastrukturun bərpasına investisiyaların cəlb edilməsi olub. Bununla yanaşı, Avropa liderləri Kiyevə göstərilən hərbi dəstəyi də müzakirə ediblər. Həmçinin tədbirdə Ukraynanın yenidən qurulması məqsədilə 10 milyard avro həcmində sərmayə toplamağı hədəfləyən yeni Avropa fondunun yaradılması elan edilib.
Niyaz Hacıyev
Sfera.az






