Orban Trampla yeni sanksiyaları müzakirə edə bilər

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampla ABŞ-nin Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyaların nəticələrini müzakirə edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyyarto məlumat verib. O, Orbanın gələn həftənin ikinci yarısında Vaşinqtona səfər edəcəyini təsdiqləyib. Jurnalistlər Siyyartodan bu sanksiyaların Rusiyadan gələn neft, qaz və yanacağa arxalanan Macarıstan və bütövlükdə Avropa iqtisadiyyatlarına təsirini soruşublar. Nazir bildirib ki, Amerika sanksiyaları yaxın vaxtlarda qüvvəyə minməyəcək və bu tədbirlər enerji idxalı baxımından hələlik heç bir çətinlik yaratmayıb.
“Bu həftə biz ABŞ-nin qərarlarının hüquqi və praktiki nəticələrini təhlil edəcəyik və zərurət yaranarsa, Baş nazir gələn həftə Vaşinqtonda ABŞ prezidenti ilə bu məsələni şəxsən müzakirə edə bilər”,– deyə Siyyarto İsrailin ədliyyə naziri Gideon Saar ilə keçirdiyi mətbuat konfransında qeyd edib.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətini Rusiya əleyhinə yeni sanksiyalar paketinə daxil edib. Ağ Evin mətbuat katibi Caroline Leavitt-in sözlərinə görə, Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə bağlı Moskvaya ciddi təzyiq göstərəcəyini gözləyir. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-nin yeni sanksiyalarının ölkənin iqtisadi rifahına əhəmiyyətli təsir göstərməyəcəyini bildirib. O, həmçinin ABŞ administrasiyasının bu addımlarının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az






