Çin süni intellektlə işləyən döyüş maşınını təqdim etdi

Çin ordusu süni intellekt texnologiyalarını hərbi strategiyasına inteqrasiya etməklə müasir döyüş anlayışını dəyişməyə başlayıb. Ölkənin müdafiə sənayesi nəhəngi “Norinco”, süni intellektlə işləyən avtonom döyüş dəstək maşını P60 modelini təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters”in əldə etdiyi sənədlərdə məlumat yayılıb. Sənədlərdə Çin Xalq Azadlıq Ordusu (PLA)nun ABŞ ilə texnoloji rəqabətdə süni intellekti əsas istiqamətə çevirdiyini göstərir.
Təqdim edilən P60 modeli saatda 50 km sürətlə hərəkət edə bilir və Çin texnologiya şirkəti “DeepSeek” tərəfindən hazırlanan süni intellekt sistemi ilə idarə olunur. Kommunist Partiyası rəsmiləri bu addımı, “Çinin ABŞ ilə silahlanma yarışında süni intellekti strateji üstünlüyə çevirməsi” kimi dəyərləndirib.
“Reuters”in araşdırmasına görə, Pekin orduda avtonom hədəf tanıma və real vaxtda qərar dəstəyi sistemləri üzərində işləyir. Sənədlər göstərir ki, ABŞ-nin tətbiq etdiyi ixrac qadağalarına baxmayaraq, Çin ordusu hələ də “Nvidia”ıın A100 və H100 çiplərindən istifadə edir. Çin süni intellektlə idarə olunan robot itlərdən tutmuş pilotsuz hava aparatları sürülərinə qədər çoxsaylı layihələr üzərində çalışır. Pekin rəhbərliyi süni intellektin tam nəzarətsiz silahlara çevrilməməsi üçün insan nəzarətini qoruyacağını bildirib. Digər tərəfdən, ABŞ 2025-ci ilin sonuna qədər minlərlə pilotsuz hava aparatını hərbi xidmətə daxil etməyi planlaşdırır.
Bəsti Rəfizadə
Sfera.az






