Rusiya və Yaponiya arasında gərginlik - Təyyarələr sərhəddə yaxınlaşdı

Rusiya və Yaponiya arasında gərginlik - Təyyarələr sərhəddə yaxınlaşdı
Kateqoriya məlum deyil
T

Yaponiya ilə Rusiya arasında gərginliyi artıracaq hadisə baş verib. Yaponiya Müdafiə naziri Şinjiro Koizumi bildirib ki, Rusiyaya məxsus hərbi təyyarələr Yaponiya dənizi üzərində uçuş həyata keçirərək ölkənin hava sərhədlərinə yaxınlaşıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Koizuminin sözlərinə görə, Rusiyanın nüvə silahı daşıma qabiliyyətinə malik Tu-95 strateji bombardmançı təyyarələri və Ukrayna müharibəsində də istifadə edilən Su-35 qırıcıları Yaponiya istiqamətində uçuş edib.

 

Bu səbəbdən Tokio rəhbərliyi təhlükəsizlik məqsədilə Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus qırıcı təyyarələri havaya qaldırıb.

 

Nazir bildirib:

 

“Rusiya Ukraynanı işğal etdiyi kimi, ölkəmizin ətrafında da gündəlik hərbi əməliyyatlar həyata keçirir. Bu, bir faktdır”.

 

Koizumi həmçinin qeyd edib ki, Yaponiya Özünümüdafiə Qüvvələri ölkənin suverenliyinə mümkün təhdidlərə qarşı 24 saatlıq rejimdə hazır vəziyyətdədir və müşahidə-təqib fəaliyyətlərini davam etdirir.

Yaponiya Rusiya təyyarələrinin rotasını və fotolarını paylaşdı

 

Yaponiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 2 Tu-95 bombardmançı və 2 Su-35 qırıcısının Yaponiya dənizində, ölkənin qərb sahilləri yaxınlığında uçduğunu təsdiqləyib.

 

Məlumata görə, təyyarələr əvvəlcə Sado adası istiqamətində uçub, daha sonra şimal istiqamətinə geri dönüb. Nazirlik hadisə ilə bağlı uçuş marşrutunu göstərən xəritə və təyyarələrin fotolarını da yayımlayıb.

 

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq Tu-95 bombardmançı təyyarələrinin Yaponiya dənizi üzərində beynəlxalq sularda planlı patrul uçuşu həyata keçirdiyini bildirib.

 

Açıqlamada qeyd olunur ki, uçuş 11 saatdan artıq davam edib və təyyarələrə Su-35S və Su-30SM qırıcıları müşayiət edib.

 

Nazirlik bəyan edib:

 

“Uzun mənzilli təyyarələrimiz Arktika, Şimali Atlantika, Sakit okean, Baltik və Qara dəniz üzərində beynəlxalq hava məkanında mütəmadi olaraq uçuşlar həyata keçirir. Bütün əməliyyatlar beynəlxalq hava məkanı qaydalarına tam uyğun şəkildə icra olunur”.

 

Son həftələr Avropa ölkələri də Rusiyanı hava məkanı pozuntularında ittiham edib.

Keçən həftə NATO üzvü Litva, Rusiyaya məxsus hərbi təyyarələrin qısa müddətlik olaraq hava sərhədlərini pozduğunu açıqlamışdı.

Moskva isə iddiaları rədd edərək, təyyarələrin bölgədə keçirilən təlimlər çərçivəsində uçduğunu bəyan etmişdi.

 

Ekspertlərə görə, bu kimi hadisələr Moskva ilə Tokio arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə bilər.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR