Məşhur kurort şəhəri əsas görməli yerlərindən birinə turist girişini məhdudlaşdıracaq

Barselona Şəhər Şurası şəhərin ən məşhur turistik yerlərindən birinin ziyarətçi limitini azaltmaq qərarına gəlib. Əfsanəvi memar Antoni Qaudi tərəfindən layihələndirilən Park Güell şəhərin ən məşhur turistik yerlərindən biri sayılır.
Sfera.az bildirir ki, 2027-ci ildən etibarən park ildə 500.000 az turist qəbul edə biləcək. Hazırda biletlərin sayı ildə təxminən 4,5 milyondur, lakin bu qərardan sonra bu rəqəm 4 milyona endiriləcək. “The Olive Press”in məlumatına görə, bu, gündəlik ziyarətçi sayında 11% azalma deməkdir (təxminən 1365 nəfər).
Təşəbbüs solçu “ERC” partiyası tərəfindən irəli sürülmüş və “PSC”, solçu “Barcelona en Comú”, sağçı “Junts per Catalunya” və ifrat sağçı “Vox” sosialistləri tərəfindən dəstəklənmişdir. Buna qarşı çıxan yeganə əsas partiya mühafizəkar Xalq Partiyası (PP) olub.
Məhdudiyyətin tərəfdarları inanırlar ki, bu, “UNESCO”nun siyahısına daxil edilmiş ərazinin memarlıq irsinin qorunmasına və turist izdihamından əziyyət çəkən Horta-Guinardó və Gràcia məhəllələrinin yerli sakinlərinə təzyiqi azaltmağa kömək edəcək.
"Bu, çoxdan lazım olan bir addımdır, baxmayaraq ki, hələ çox iş görülməlidir"- deyə “ERC” millət vəkili Jordi Coronas bildirib.
Qeyd edək ki, ötən il parkın ərazisində keçirilən “Louis Vuitton” moda nümayişinə qarşı etirazlardan sonra park mübahisələrin mərkəzində idi. Emma Stone, Sophie Turner və Ana de Armas da daxil olmaqla məşhurların iştirak etdiyi tədbir "ictimai məkanın özəlləşdirilməsi" və park elementlərinə dəyən ziyanla bağlı qəzəbə səbəb olmuşdu. Toqquşmalar zamanı bir nəfər həbs olunub, yeddi polis əməkdaşı yaralanıb.
Park Güelldə turistlərin məhdudlaşdırılması qərarı Barselonanın overturizmə qarşı mübarizəsində son addımdır. Şəhər əvvəllər 2028-ci ilə qədər turist icarəsinə tamamilə qadağa qoyulacağını və turist vergisinin ikiqat artırılacağını elan etmişdi.
Onu da qeyd edək ki, Barselona hər il təxminən 32 milyon insanı qəbul edir.






