İsrail Fələstini ilhaq edəcək? - "Məqsəd başqadır"

İsrail Fələstini ilhaq edəcək? - "Məqsəd başqadır"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail İordan çayının Qərb sahilini ilhaq etməyə çalışarsa, ABŞ-nin bütün dəstəyini itirəcək. 


O qeyd edib ki, belə bir hadisə baş verməyəcək: "Çünki ərəb ölkələrinə söz vermişəm. Onların bizə dəstəyi böyük idi".


Bəs İsrail Qərb sahilini niyə ilhaq etmək istəyir? İsraili narahat edən nədir?


Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İsrailin İordan çayının Qərb sahilini ilhaq etmək niyyəti Fələstin dövlətinin yaranmasına maneə törətmir.

 

Onun sözlərinə görə, bu addım həmin dövlətin mövcudluğunu inkar etmək və onun qurulmasına imkan verməmək məqsədi daşıyır:


“Eyni zamanda bu, İsrailin öz ərazilərini genişləndirmək və regional gücünü artırmaq siyasətindən xəbər verir. Hazırkı İsrail hökumətinin ifrat sağçılardan ibarət olması da bu istiqamətdə atılan addımları daha da gücləndirir. Qəzza müharibəsinin başlanmasından sonra İsrail təkcə bu bölgədə deyil, həm də Livan və Suriya kimi qonşu ölkələrin ərazilərində təsir dairəsini artırmağa, bəzi bölgələri nəzarətdə saxlamağa çalışır. İordan çayının qərb sahilinin ilhaqı isə İsrailin əsas prioritetlərindən biri olaraq qalır”.

 


Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İsraili dəstəkləyən ən qətiyyətli Amerika liderlərindən biri olsa da, hazırda bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirir:

 

"İsrail İordan çayının Qərb sahilini öz ərazisinə birləşdirərsə, bu, ABŞ-nin Yaxın Şərqdəki əsas tərəfdaşlarının ərəb dövlətləri ilə münasibətlərində ciddi gərginlik yaradacaq. Belə vəziyyətdə həmin ölkələrin ABŞ-yə olan etimadı xeyli azalacaq ki, bu da Vaşinqton üçün qəbuledilməz haldır. Bu səbəbdən ABŞ İsrailin bu addımını öz regional maraqlarına təhlükə kimi qiymətləndirir və açıq şəkildə etiraz edir. Həm ABŞ prezidenti, həm də vitse-prezidentin İsraildə verdikləri bəyanatlarda bu mövqe aydın şəkildə hiss olunur. Məhz ABŞ-nin sərt mövqeyi İsrail hökumətini müəyyən dərəcədə geri addım atmağa vadar edib. Onlar bildiriblər ki, məsələ ilə bağlı hakim “Likud” partiyası və onun koalisiya tərəfdaşlarının bir qismi bu təşəbbüsün əleyhinə çıxır və qanun layihəsinin növbəti oxunuşlarda qəbul edilməsinə qarşı səs verəcəklər”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR