İsrail qanunla anneksiya edir? - Qərb sahilinə nəzarət planı

İsrail parlamenti İordan çayının Qərb sahilinə ölkə qanunvericiliyinin şamil edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanun layihəsi İsrail qanunlarının, məhkəmə sisteminin və idarəetməsinin Qərb sahilinə tətbiq olunmasını nəzərdə tutur. Bu addım beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı bu qərarı anneksiya istiqamətində təhlükəli addım kimi qiymətləndirib.
Bu qanun qəbul edilərsə Fələstinin Qərb sahilində hakimiyyət İsrailin nəzarətinə keçəcək? Qanunun tətbiqindən sonra hansı dəyişikliklər gözləyə bilərik?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli İsrailin davranışlarının beynəlxalq hüquq normalarını açıq şəkildə pozduğunu deyib.

“Hazırda İsrail ərazilərin hüquqi statusunu dəyişməyə yönəlmiş addımlar atmağa çalışır. Lakin beynəlxalq siyasi mərkəzlər, təbii ki, İsrailin bu hərəkətləri ilə razı deyillər. Son dövrlərdə İsrailə qarşı beynəlxalq aləmdə ciddi narazılıq formalaşıb və bu, tədricən geniş etiraz dalğasına çevrilib. Bir vaxtlar İsraili dəstəkləyən bir çox dövlət artıq onun siyasətini açıq şəkildə tənqid edirlər”.
E.Xalidbəyli əlavə edib ki, İsrail parlamenti hansı qərarı qəbul etsə də, beynəlxalq siyasi təzyiqlər nəticəsində Fələstin xalqının hüquqları bərpa olunacaq və bu xalq gec-tez müstəqil dövlət kimi dünya arenasında yerini tutacaq:
“Xüsusilə də Qətərdə keçirilən Qəzza sülh sammitinin nəticələri nəzərə alındıqda, İsrailin son addımlarının real nəticə verməyəcəyi daha inandırıcı görünür”.
Fidan Hacızadə
Sfera.az






