İsrail Türkiyəni Qəzza zolağında istəmir - AÇIQLAMA

İsrail Türkiyəni Qəzza zolağında istəmir - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İsrail hökuməti Qəzza zolağında vəziyyətin nizamlanması planı çərçivəsində yerləşdirilməsi nəzərdə tutulan sülhməramlı qüvvələrdə Türkiyənin iştirakına etiraz edib.

 

Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail “Türkiyə hərbçilərinin Qəzzaya yerləşdirilməsinə qəti şəkildə qarşıdır”. 


Onun sözlərinə görə, Qəzzada formalaşdırılacaq istənilən beynəlxalq kontingentdə Türkiyənin iştirakı qəbuledilməz sayılır.


Bəs İsrailin bu mövqeyinin səbəbi nədir? O, Türkiyənin Yaxın Şərqdə artan təsirindən və regional rolu gücləndirməsindən ehtiyat edirmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, İsrail hesab edir ki, əgər Türkiyə Qəzza bölgəsində sülhməramlı kontingentdə yer alacaqsa, bu, onun həmin ərazidəki fəaliyyət imkanlarını müəyyən dərəcədə məhdudlaşdıracaq:

 

“Yəni İsrailin fikrincə, türk hərbçilərinin orada iştirak etməsi onun maraqlarına uyğun deyil. Bununla belə, ehtimal olunur ki, İsrailin etirazına baxmayaraq, Qəzzada fəaliyyət göstərəcək beynəlxalq sülhməramlı qüvvələrin tərkibində dörd ölkənin, Misir, ABŞ, Qətər və Türkiyənin hərbçiləri olacaq. İsrail isə xüsusilə Türkiyənin bölgədə artan nüfuzundan narahatdır. Bu narahatlıq, əslində, Ankaranın bölgədə getdikcə güclənməsinə dair ehtiyat hissinin ifadəsidir”.

 

Politoloqun fikrincə, İsrail düşünür ki, Türkiyə Yaxın Şərqə, xüsusilə də Fələstin ərazilərinə, müəyyən mənada Osmanlı imperiyasının tarixi mirası kimi baxır:

 

“Bu səbəbdən də Türkiyənin orada fiziki mövcudluğu, yəni sülhməramlı qüvvələrin tərkibində iştirakı, İsrail üçün potensial təhlükə kimi qiymətləndirilir. Lakin ümumi mənzərəyə baxdıqda, beynəlxalq sülhməramlı kontingentin əsas məqsədi İsraili sıxışdırmaq və ya tərəflərdən birinə üstünlük vermək deyil, bölgədə sabitliyi təmin etmək və yeni qarşıdurmaların qarşısını almaqdır. Buna görə də belə bir qüvvənin mövcudluğu regionda sülhün bərpası baxımından zəruri hesab olunur”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR