"İlon Mask buna görə 1 milyard dollar xərcləyib" - Madurodan İDDİA
"İyulun 28-də Venesuelada keçirilən prezident seçkilərindən sonra ifrat sağçıların ölkə sabitliyini pozmaq cəhdinin arxasında ABŞ dayanır".
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O vurğulayıb ki, amerikalı sahibkar İlon Mask Venesueladakı seçki prosesinə qarşı zorakılığa ən azı 1 milyard dollar xərcləyib. İddiaya görə, iş adamı terrorçu qruplara vəsait ayırmağı müxalifət lideri Mariya Korina Maçadoya həvalə edib. Venesuelada qanun, həqiqət, suverenlik, nizam və sülhün hökm sürdüyünü vurğulayan Maduro qeyd edib ki, Mask uduzub.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Maduro 51,95% səs toplayaraq qalib gəlib. Müxalifət liderlərindən biri Mariya Korina Maçado seçki günü müxalifət namizədi Edmundo Qonzales Urrutia və onun kampaniyasının seçkidəki məğlubiyyətini tanımayacağını bildirib. Ertəsi gün paytaxtda və respublikanın digər şəhərlərində sağçı ekstremistlər tərəfindən polis əməkdaşlarına və hərbçilərə qarşı iğtişaşlar və hücumlar başlayıb. Maduro ABŞ və İlon Maskı Venesuelada uğursuz çevrilişi təşkil etməkdə ittiham edib.
Firuzə Əliyeva