Üsamə bin Ladenin oğlu Fransadan deportasiya edildi - SƏBƏB
Üsamə bin Ladenin oğlu Fransadan deportasiya edilib. Ona bir daha geri qayıtmaq hüququ qadağan edilib.
Sfera.az bildirir ki, illərdir Normandiya yaşayıb, mənzərələr çəkən Omar sosial şəbəkələrdə terroru tərifləyən şərhlər yazdıqdan sonra geri qayıtması qadağan edilib.
Daxili işlər naziri Bruno Retayo Omar bin Ladenin Fransaya girişini qadağan edən fərmanı imzaladığını və onun daha əvvəl də deportasiya edildiyini bildirib. O, deportasiyanın vaxtını və Omarın hara göndərilməsi ilə bağlı hər hansı təfərrüatı açıqlamayıb.
"Bir neçə il Britaniya vətəndaşının əri kimi Orne bölgəsində yaşayan cənab bin Laden 2023-cü ildə sosial şəbəkələrində terrorizmi tərifləyən şərhlər paylaşıb”.
Yerli KİV-in məlumatına görə, Üsamə bin Ladenin oğlu 2011-ci ildə ABŞ hərbçiləri tərəfindən öldürülən atasının ad günü ilə bağlı sosial şəbəkədə paylaşdığı paylaşıma görə Fransa hakimiyyətinin diqqətini çəkib.
2023-cü ilin iyulunda media polisin Omar bin Ladeni axtardığını xəbər vermişdi.
Xatırladaq ki, Omar Üsamənin birinci həyat yoldaşı Nəcvadan olan dördüncü oğludur. Ümumilikdə, Bin Ladenin üç qadından ən azı 20 övladı olduğu bildirilir. Onların bir qismi İranda yaşayır.
Omar 1991-1996-cı illərdə Sudanda, daha sonra isə Əfqanıstanda sürgündə atasını müşayiət edib. 14 yaşından başlayaraq “Əl-Qaidə” düşərgələrində təlim keçib, lakin 2000-ci ildə mülki şəxslərin öldürülməsi ilə əlaqəli olmaq istəmədiyi üçün təşkilatı tərk edib. Onun sözlərinə görə, atası buna etiraz etməyib. Bundan cəmi beş ay sonra terrorçular tərəfindən qaçırılan sərnişin təyyarələri Nyu Yorkdakı Əkiz Qüllələrə hücum edərək 3 minə yaxın insanı öldürüb. Omar bundan sonra atasını bir daha görməyib, sadəcə onun ölüm xəbərini mediadan öyrənib.
Aynil
Sfera.az