Gürcüstan Prezidenti Saakaşvilinin əfvi məsələsini NƏZƏRDƏN KEÇİRİR
“Prezident Salome Zurabişvili Mixail Saakaşvilinin əfvi məsələsini nəzərdən keçirir”.
Sfera.az-ın “newshub.ge”yə istinadən xəbərinə görə, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O xatırladıb ki, 2023-cü ilin oktyabrında S. Zurabişvilinin impiçmenti məsələsi müzakirəyə çıxarılanda “Vahid Milli Hərəkat” Partiyası bu layihənin əleyhinə səs verib:
“Salome Zurabişvili hazırda məhz Mixail Saakaşviliyə görə öz vəzifəsini qoruyub saxlayır. Təbii ki, kimisə əfv etmək prezidentin səlahiyyətindədir, lakin mən əminəm ki, dövlət başçısı öz səlahiyyətindən istifadə edib, M. Saakaşvilini əfv edəcək”.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə sərhədi keçmək ittihamı ilə saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyindən Tbilisinin özəl klinikalarından birinə yerləşdirilib.