Ekipaj silahla hədələnib: İranlılar Fars körfəzində neft tankerini ələ keçiriblər


Ekipaj silahla hədələnib: İranlılar Fars körfəzində neft tankerini ələ keçiriblər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1500 ton neftlə dolu neft tankerini ələ keçirib. Tanker İraqın Xor əl-Zubeyr limanından çıxıb və BƏƏ-yə gedirmiş.



Sfera.az bildirir ki,iranlılar silahla gəmiyə minib və kapitanı əlaqəni kəsməyə məcbur ediblər. Bir gün ərzində ekipajla əlaqə kəsilib.



Qaçırılan tanker Toqo bayrağı altında dalğalanan “Betelgeuse” gəmisidir. Gəmi Marşal adalarında yerləşən “Madrigal Marine” şirkətinə məxsusdur.



Şirkətin sözçüsü Əhməd Əl Şərif gəminin limandan çıxdıqdan təxminən 24 saat sonra yoxa çıxdığını və onunla heç bir əlaqənin olmadığını bildirib. Gəmi İranın Buşehr şəhərindən təxminən 105 km aralıda Fars körfəzində itib. Gəmi 1987-ci ildə inşa edilib.


Bu gün ekipaj üzvü şirkətlə əlaqə saxlayıb və 12 nəfərlik heyətin qaçırıldığını bildirib.



Ekipaj üzvü bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri silahlarla tankerə minib və kapitana rabitəni kəsməyi əmr ediblər. Hazırda tanker İran limanlarından birində boşaldılır və onun ekipajı həbsxanaya göndərilib.
 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun donanması verdiyi açıqlamada tankerin ələ keçirildiyini təsdiqləyib. Məlumatda bildirilir ki:


“Tanker sistematik olaraq yanacaq qaçaqmalçılığı ilə məşğul olub və məhkəmə qərarı ilə saxlanılıb”.



“Gəmi Hindistan və Şri-Lanka vətəndaşları olan 12 ekipaj üzvü ilə birlikdə Buşehrdəki lövbərə aparılıb və müşahidə altındadır”- deyə məlumatda əlavə edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR