Məxfi Xidmət Trampı vuran Kruksu əvvəldən şübhəli kimi müəyyən edibmiş - TƏFƏRRÜAT

Məxfi Xidmət Trampı vuran Kruksu əvvəldən şübhəli kimi müəyyən edibmiş - TƏFƏRRÜAT

Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruksun atəş açmadan əvvəl hüquq-mühafizə orqanları tərəfindən şübhəli kimi müəyyən edildiyi iddia olunub.

 

Sfera.az bildirir ki, bu barədə Vayominqin respublikaçı senatoru Con Barrasso “Fox News”a açıqlama verib.

 

“Kruks hücumu həyata keçirməzdən bir saat əvvəl təhlükəsizlik qrupları tərəfindən şübhəli şəxs kimi müəyyən edilib, çünki onun yanında bel çantası və məsafəölçən aparat olub”, - Barrasso deyib.

 

Senator qeyd edib ki, həmin zaman şəxsin gözdən qaçırılmaması barədə düşünülməli, şübhəli izlənilməli idi, amma belə bir şeyin baş verdiyinə dair heç bir dəlil yoxdur. Bununla əlaqədar, Barrasso ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlin istefasını tələb edib: “Amerika xalqı bu barədə özünü rahat hiss etməməlidir. Bu, Məxfi Xidmətin tam uğursuzluğudur. Rəhbərlik dəyişdirilməlidir”.

 

Tennessi ştatından respublikaçı senator Marşa Blekbörn də “X” sosial media hesabında sözügedən məsələyə toxunub: “Məxfi Xidmət və FTB-nin birgə keçirdiyi brifinqdə iştirak etdim. Tramp səhnəyə çıxmazdan əvvəl Gizli Xidmət təhlükədən xəbərdar imiş. Bunu öyrənmək məni dəhşətə gətirdi. ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlinin rəhbərliyinə heç bir inamım yoxdur. Düşünürəm ki, onun istefası xalqımızın mənafeyinə uyğundur”.

 

“ABC News” isə sui-qəsd cəhdini araşdıran hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı təqdim etdiyi qrafiki oxucuları ilə bölüşüb:

 

17:10  - Hücum edənin şübhəli şəxs olduğu müəyyənləşdi
17:30 -  Şəxs məsafə sayğacı ilə görüldü
17:52 – Gizli Xidmət şəxsi damda gördü
18:02 - Tramp səhnəyə çıxdı
18:12 -  Şəxs atəş açdı

 

“Bu zaman cədvəlinə görə, Tramp hücumçunun “şübhəli” olduğu müəyyən edildikdən təxminən bir saat və Gizli Xidmət adamı damda gördükdən 20 dəqiqə sonra vurulub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kruksun ilk atəşini açdığı andan öldürülənə qədər keçən vaxt cəmi 26 saniyə olub”, - nəşr vurğulayıb.

 

Digər tərəfdən, sui-qəsd cəhdindəki təhlükəsizlik qaydalarının pozulmasına kimin cavabdeh olması ilə bağlı federal və yerli hakimiyyət orqanları arasında gərginlik artır. Məxfi Xidmət iddia edir ki, yerli polis hadisə yerini mühafizə etmək üçün məsuliyyət daşıyır, lakin “Washington Post” qəzetinin məlumatına görə, yerli polis sui-qəsd cəhdindən əvvəl Gizli Xidmətə məlumat verib ki, şənbə günü Trampın hədəf alındığı əsas binanın kənarında patrul maşını yerləşdirmək üçün resursları yoxdur.

 

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə çıxış edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb, ABŞ Gizli Xidməti isə hücumçunun zərərsizləşdirildiyini açıqlayıb. FTB hücumu sui-qəsd cəhdi olaraq təyin edib və araşdırmalardan sonra sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR