"Bill Qeytsin fondu sərvətimdən pay almayacaq" - Baffet vəsiyyətini AÇIQLADI

Dünyanın ən varlı adamlarından olan, ABŞ vətəndaşı, “Berkshire Hathaway” investisiya şirkətinin qurucusu Uorren Baffet 130 milyard dollarlıq sərvətini kimə bağışlayacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, milyarder “The Wall Street Journal”a müsahibəsində sərvətini övladlarının sahib olduğu fonda verəcəyini deyib.
Bundan öncə yayılan xəbərlərdə Baffetin sərvətini xeyriyyə təşkilatlarına, o cümlədən “Geyts” Fonduna bağışlayacağı iddia olunurdu.
Baffet bu iddiaları təkzib edib: “Ölümümdən sonra Qeyts Fondu sərvətimdən pul almayacaq".
O qeyd edib ki, vəsaitinin böyük hissəsini övladları - Suzi, Hovard və Piter Baffetlərə bağışlayacaq. Onun fikrincə, həmin vəsait xeyriyyə məqsədilə istifadə edilməlidir. Amma o, xeyriyyə məqsədilə vəsaitlərdən istifadənin nə şəkildə olacağına övladlarının qərar verəcəyini bildirib.Baffet vəsiyyətini bir neçə dəfə yenidən yazdığını və son qərarını uşaqlarının illər ərzində necə yetkinləşdiyini gördükdən sonra verdiyini qeyd edib.
Xatırladaq ki, Baffetin yaxın dostu olan Bill Qeyts keçmiş həyat yoldaşı Melinda ilə birlikdə 2000-ci ildə xeyriyyə fondu qurub. Təşkilatın əsas məqsədləri səhiyyə xidmətlərinə çıxışı artırmaq, yoxsulluqla mübarizə, informasiya texnologiyaları və təhsilə çıxış imkanlarını genişləndirməkdir. Son 20 ildə Baffet bu fonda təxminən 43 milyard dollar ianə edib. Bir neçə gün öncə milyarder “Berkshire Hathaway”ın 5,3 milyard dollar dəyərində səhmlərini Qeytsin təşkilatı da daxil olmaqla xeyriyyə fondlarına köçürdüyünü açıqlamışdı.
Bu ianələrdən sonra “Berkshire Hathaway”ın Baffetdə olan səhmlərinin dəyəri 130 milyard dollar qiymətləndirilir. Avqustda 94 yaşı tamam olacaq Baffet 2006-cı ildən bəri beş xeyriyyə təşkilatına hər il ianə edir.
Vasif