Logo

IX və XI siniflərdə imtahan qaydaları dəyişəcək?

IX və XI siniflərdə imtahan qaydaları dəyişəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Buraxılış imtahanlarının məzmununun genişləndirilməsi və şagirdlərin yalnız ənənəvi fənlər üzrə deyil, fərqli bilik və bacarıqlarının da qiymətləndirilməsi məsələsi təhsil ictimaiyyətində müzakirə olunmaqdadır. Xüsusilə informatika və məntiqin IX və XI siniflərin buraxılış imtahanlarına daxil edilməsi ehtimalı valideynlər və şagirdlər arasında bir sıra suallar yaradır.

Bu ideyanın reallaşması mümkündürmü? İnformatika və məntiq yaxın gələcəkdə buraxılış imtahanlarının tərkib hissəsinə çevrilə bilərmi?

Sfera.az bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb.

Ekspert hesab edir ki, imtahan fənlərinin sayının artırılması şagirdlərin dərs yükünü ağırlaşdırmaqla yanaşı, valideynlərin də maddi vəziyyətinə əlavə təzyiq yaradır:

"Biz hər dəfə fənlərin sayını artırdıqca şagirdlərin əlavə dərs yükünü çoxaldır, valideynlərin əlavə maliyyə resurslarını tükədirik. Bu, demək olar ki, ailə büdcəsini darmadağın edir. Halbuki dünyada artıq yeni standartlar əsasında imtahanlar keçirilir, ali təhsil müəssisələrinə qəbul bir və ya iki fənn üzrə imtahan nəticələrinə əsasən həyata keçirilir. Fənlərin sayı artırılmamalı, əksinə, minimallaşdırılmalıdır. Abituriyent iki-üç fənn üzrə imtahan verməklə ali təhsil müəssisəsinə qəbul olmaq imkanı əldə etməlidir. Biz beynəlxalq standartlara və qəbul qaydalarına nəzər salmalıyıq. Dünya artıq SAT və IELTS kimi imtahanlar vasitəsilə qəbul həyata keçirir. Çox uzağa getməyək, elə qonşu və qardaş ölkə Türkiyədə də YÖS imtahanı keçirilir və cəmi iki fənn üzrə biliklər yoxlanılır. Biz isə deyirik ki, altı-yeddi fənn azdır, gəlin, əlavə fənlərin də sayını artıraq, abituriyent səkkiz-doqquz fəndən imtahan versin".

İnformatika fənninin əhəmiyyətini inkar etməyən ekspertin fikrincə, bu fənnin bütün ixtisas qrupları üzrə imtahan proqramına daxil edilməsi düzgün yanaşma deyil:

"İnformatika fənni vacibdir. Bu, məlum məsələdir. Hazırda birinci ixtisas qrupuna daxil olan ixtisaslar üzrə informatika fənni blok imtahanına daxil edilib. Amma bu gün nəzərə alsaq ki, şagirdlər birinci sinifdən on birinci sinfə qədər, demək olar ki, informatika fənnini məktəbdə tədris edirlər, vəziyyət aydındır. İnformasiya texnologiyaları alətləri hər gün yenilənir və bir çox sahələr tədricən bu vasitələrdən asılı vəziyyətə düşür. Lakin bunun müqabilində informatika fənnini bütün ixtisas qrupları üzrə imtahan proqramına daxil etməklə uğurlu nəticə əldə edə bilməyəcəyik".

Elçin Əfəndinin fikrincə, informatika və süni intellektlə bağlı biliklərin tədrisi ali təhsil mərhələsində daha məqsədəuyğun şəkildə təşkil oluna bilər. O hesab edir ki, tələbələr universitetdə bütün ixtisaslar üzrə bu istiqamətdə xüsusi hazırlıq keçməlidirlər:

"Əslində, fənlərin sayını minimallaşdırmalıyıq. İnformatika və ya süni intellekt əsaslı tədrisi ali təhsil mərhələsinə yönəltməliyik. Abituriyentlər tələbə adını qazandıqdan sonra universitetdə bir və ya iki kurs ərzində süni intellekt və informasiya texnologiyaları əsaslı təhsil almalıdırlar. Bu, bütün ixtisas qruplarına, yəni universitetlərdəki bütün ixtisaslara şamil edilməlidir.

Müasir qlobal dünyada və yeni çağırışlar dövründə artıq ənənəvi qəbul modelindən yeni qəbul modelinə keçid etməliyik. Yeni dünya bunu tələb edir. Bir daha qeyd edirəm ki, dünyanın əksər ölkələrində SAT vasitəsilə qəbul həyata keçirilir. Öz ölkəmizdə də bunun nümunəsi var. Əgər ADA Universiteti SAT əsasında qəbul həyata keçirirsə, bu modeli digər universitetlərimizdə də tətbiq etmək o qədər çətin məsələ deyil".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR