Logo

Zəfərlə azadlığa qovuşan Ağdam bu gün gələcəyini qurur

Zəfərlə azadlığa qovuşan Ağdam bu gün gələcəyini qurur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Ağdamın taleyini, xalqımızın iradəsini və dövlətimizin qarşıya qoyduğu böyük hədəfləri ifadə edir. Bu gün Ağdam təkcə işğalın ağır izlərini daşıyan şəhər deyil, həm də Azərbaycanın gücünün, qətiyyətinin, milli birliyinin və quruculuq əzminin rəmzidir. 20 noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında tarixi ədalətin bərpası, doğma torpağa qayıdış və yeni həyatın başlanğıcı kimi xüsusi yer tutur.

Uzun illər Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən biri kimi tanınan Ağdam zəngin tarixi, mədəni irsi, özünəməxsus şəhər həyatı ilə seçilib. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan tərəfindən burada ağ daşdan imarətin inşa edilməsi şəhərin formalaşma tarixində mühüm yer tutur. Ağdamın adı və tarixi ilə bağlı müxtəlif mülahizələr mövcud olsa da, onun qədim yaşayış məskəni olması arxeoloji tədqiqatlarla da təsdiqlənir. Üzərriktəpədə aşkar edilən maddi-mədəniyyət nümunələri bölgədə insanların minilliklər əvvəl məskunlaşdığını, burada qədim əkinçilik və məişət ənənələrinin formalaşdığını göstərir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam ağır faciə ilə üzləşdi. Rayonun 73 faizi, o cümlədən şəhər mərkəzi və 90 kənd işğal altına düşdü. 128 min sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal illərində şəhərin yaşayış binaları, məktəbləri, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələri dağıdıldı, talan edildi. Bir vaxtlar həyatın, zəhmətin və mədəniyyətin hökm sürdüyü Ağdam xarabalığa çevrildi. Bu mənzərə yalnız bir şəhərin dağıdılması deyil, xalqın tarixi yaddaşına, mədəni irsinə və doğma yurda bağlılığına vurulan ağır zərbə idi.

Beynəlxalq hüququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər işğalın sona çatmasına nail ola bilmədi. 1993-cü il iyulun 29-da qəbul edilmiş 853 saylı qətnamədə Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, bu qərarların yerinə yetirilməməsi minlərlə insanın uzun illər məcburi köçkün həyatı yaşamasına səbəb oldu.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın taleyində yeni səhifə açdı. Noyabrın 20-də şəhər Azərbaycana təhvil verildi və Ağdamın işğalına son qoyuldu. Bununla da illərlə doğma torpaqlarından ayrı düşmüş sakinlərin qayıdışı, şəhərin yenidən qurulması və bölgənin inkişafı üçün geniş imkanlar yarandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Noyabr Ağdam şəhəri günü elan edildi. Bu tarix artıq yalnız azadlığın deyil, həm də dövlətin verdiyi və yerinə yetirdiyi bərpa və qayıdış vədinin rəmzidir.

İşğaldan azad olunandan sonra Ağdamda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan əsasında müasir yaşayış məhəllələri, yollar, məktəblər, sosial obyektlər, parklar və digər infrastruktur layihələri həyata keçirilir. Ağdamın gələcəkdə 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi planlaşdırılır. Beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulan şəhərdə yeni binalar, ictimai məkanlar və sosial infrastruktur mərhələli şəkildə yaradılır. Məqsəd Ağdamı yalnız yenidən qurmaq deyil, sakinlərin rahat, təhlükəsiz və müasir şəraitdə yaşayacağı şəhər mühiti formalaşdırmaqdır.

Dirçəliş prosesi Ağdamın kəndlərini də əhatə edir. Kəngərli, Xıdırlı və Sarıcalıda yaşayış məntəqələrinin bərpası, evlərin inşası və sosial infrastrukturun yaradılması ilə sakinlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köç prosesi Ağdamda həyatın yenidən canlanmasına, ailələrin doğma yurdda məskunlaşmasına və bölgənin sosial həyatının formalaşmasına zəmin yaradır. Hər yeni köç dalğası şəhərin gələcəyinə, onun yenidən yaşayan və inkişaf edən məkan kimi formalaşmasına verilən töhfədir.

Ağdamın iqtisadi potensialının bərpası da dövlətin diqqət mərkəzindədir. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında yeni müəssisələr yaradılır, investisiya layihələri həyata keçirilir, istehsal sahələri genişləndirilir. Bu təşəbbüslər bölgədə iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin açılması və yerli əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətlərinin yenidən qurulması, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını genişləndirir, onun gələcəkdə regional iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır.

Ağdamın tarixi və mədəni irsinin qorunması şəhərin yenidən qurulmasında xüsusi yer tutur. Ağdam Cümə məscidi, İmarət Kompleksi, Qiyaslı məscidi və digər tarixi abidələr bərpa edilir, milli-mədəni dəyərlər yenidən yaşadılır. 2025-ci ildə istifadəyə verilən Ağdam Muğam Mərkəzi şəhərin mədəni həyatına yeni nəfəs gətirir. Bu məkanın yaradılması muğam sənətinin yaşadılması, gənc nəslə ötürülməsi və Qarabağın zəngin musiqi ənənələrinin qorunması baxımından əhəmiyyətlidir. Yeni turizm və xidmət obyektlərinin yaradılması da Ağdamın gələcək inkişaf perspektivlərini genişləndirir.

Ağdamın yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa siyasətinin mühüm istiqamətidir. Burada atılan hər addım, inşa edilən hər bina, açılan hər müəssisə və doğma yurda qayıdan hər ailə illərlə davam edən həsrətin sona çatmasının, həyatın yenidən başlanmasının göstəricisidir. Ağdamın dirçəlişi həm də dövlətin öz vətəndaşlarına, tarixi torpaqlarına və gələcək nəsillərə olan məsuliyyətinin təzahürüdür.

Bu gün Ağdam dağıntılarla xatırlanan şəhər olmaqdan çıxaraq quruculuq, inkişaf və qayıdış məkanı kimi yeni kimlik qazanır. Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi bərpa vədinin reallaşması şəhərin hər yeni küçəsində, yaşayış kompleksində, sosial obyektində və sakinlərinin doğma yurda dönüşündə özünü göstərir. Azadlığının 6-cı ilində Ağdam böyük dirçəlişə şahidlik edir, keçmişin ağrılı izlərini gələcəyin quruculuğu ilə əvəzləyərək Azərbaycanın Zəfərdən sonra başlayan yeni tarixini yazır.

Etibar Ağakişiyev

Şəhid atası, Qarabağ qazisi, Abşeron rayon sakini

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR