Azadlığının 6-cı ilində Ağdam böyük dirçəlişə şahidlik edir
20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın tarixində mühüm hadisələrdən biri, tarixi ədalətin bərpasının, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzidir. Uzun illər işğalın ağır nəticələri ilə üzləşən, xarabalığa çevrilən Ağdam bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sakinlərinin doğma yurda qayıdışı ilə yenidən həyat qazanır.
Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə seçilib. “Ağdam” adının qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilir. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan burada ağ daşdan imarət tikdirmiş, həmin tikili uzun müddət ətraf kəndlərin sakinləri üçün oriyentir olmuşdur. Ağdamın tarixi yalnız xanlıq dövrü ilə deyil, minilliklərə söykənən yaşayış və mədəniyyət izləri ilə də zəngindir. Arxeoloji tədqiqatlar ərazidə insanların 6–8 min il əvvəl yaşadığını, qədim əkinçilik və maldarlıq mədəniyyətinin formalaşdığını ortaya qoyub. Üzərriktəpədə aşkar edilən maddi-mədəniyyət nümunələri Ağdamın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam ağır dağıntılara və humanitar faciəyə məruz qaldı. Rayonun ərazisinin 73 faizi, o cümlədən rayon mərkəzi və 90 kənd işğal altına düşdü, 128 min sakin doğma yurdundan didərgin salındı. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun yaşayış infrastrukturu, məktəbləri, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələri dağıdıldı, maddi sərvətləri talan edildi. Bir vaxtlar həyatın, zəhmətin və mədəniyyətin hökm sürdüyü şəhər xarabalığa çevrilərək erməni vandalizminin ən ağır nümunələrindən biri kimi yadda qaldı.
Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara baxmayaraq, Ağdam uzun illər işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu qərarların icra olunmaması minlərlə insanın doğma torpaqlarından ayrı yaşamasına səbəb oldu.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ağdamın taleyində yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də şəhərin işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Bununla da Ağdamın işğalına son qoyuldu və şəhərin bərpası, sakinlərin doğma yurda qayıdışı istiqamətində genişmiqyaslı işlərə start verildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.
İşğaldan azad olunandan sonra Ağdamda yeni inkişaf mərhələsinin əsası qoyulub. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan əsasında yaşayış məhəllələri, yollar, məktəblər, sosial obyektlər, parklar və müasir infrastruktur salınır. Ağdamın gələcəkdə 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin salınması planlaşdırılıb, artıq bir sıra məhəllələrdə açılış və təməlqoyma mərasimləri keçirilib. Rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində də ilk mərhələ üzrə məskunlaşma həyata keçirilib, digər kəndlərdə tikinti və bərpa işləri davam etdirilir.
Ağdamın iqtisadi dirçəlişində sənaye potensialının inkişafı mühüm yer tutur. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında yeni istehsal müəssisələri yaradılır, investisiyalar yatırılır, iş yerləri açılır. Parkda fəaliyyət göstərən və tikintisi davam edən müəssisələr rayonun iqtisadi imkanlarının genişləndirilməsinə, yerli istehsalın inkişafına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir. Ağdamın nəqliyyat infrastrukturu da yenidən qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, eləcə də 2025-ci ildə istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirərək onun regional nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradır.
Şəhərin tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Ağdam Cümə məscidi, İmarət Kompleksi, Qiyaslı məscidi və digər tarixi məkanlarda bərpa işləri aparılıb. 2025-ci ildə açılışı olan Ağdam Muğam Mərkəzi şəhərin mədəni həyatının canlanmasına, milli musiqi irsinin qorunmasına və muğam sənətinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Yeni hotellərin, turizm və xidmət obyektlərinin yaradılması isə Ağdamın turizm potensialının inkişafı üçün imkanlar formalaşdırır.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdama sakinlərin köçü davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhəri və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Doğma yurda qayıdan sakinlərin sayı artdıqca şəhərdə sosial həyat canlanır, yeni yaşayış mühiti formalaşır, ailələr öz doğma torpaqlarında gələcək qurmağa başlayırlar.
Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik” vədi bu gün həyata keçirilən layihələrdə öz əksini tapır. Ağdamın yenidən qurulması yalnız şəhərin fiziki bərpası deyil, həm də illərlə doğma yurdlarından ayrı düşmüş insanların həyatının yenidən qurulması, tarixi irsin qorunması və bölgənin iqtisadi potensialının reallaşdırılması deməkdir.
20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqının qələbəsini, əzmini və öz torpağına bağlılığını nümayiş etdirən əlamətdar tarixdir. Bu gün Ağdam keçmişin ağrılı izlərini geridə qoyaraq müasir, inkişaf edən və sakinlərini doğma yurdda birləşdirən şəhərə çevrilir. Xarabalıqlar üzərində yüksələn yeni Ağdam Azərbaycanın Zəfər tarixinin və quruculuq iradəsinin canlı təcəssümüdür.
Ülviyyə Kərimova
Abşeron rayon Masazır kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru






