Logo

2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ

2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“44” filminin təqdim olunduğu gündən onu izləmək üçün səbirsizlənirdik. Nəhayət, uzun zamandır gözlədiyimiz gün gəlib çatmışdı. Biz də iki jurnalist olaraq filmi izləmək və kinoteatrlardakı ab-havanı yaxından müşahidə etmək üçün Bakının iki fərqli kinoteatrına yollandıq. Birimiz "Gənclik Mall"da, digərimiz isə “28 May” kinoteatrında idik.

"Gənclik Mall"da filmin başlamasına hələ yarım saat qalmışdı. Ancaq kinoteatrın girişində artıq böyük izdiham yaşanırdı.

“44” filminə bilet qalıb? - kassanın qarşısında ən çox eşidilən suallardan biri bu idi.

Bir tərəfdə bilet almağa çalışan tamaşaçılar, digər tərəfdə isə müəllimlərinin müşayiəti ilə filmə gələn şagirdlər vardı. Müəllimlər uşaqları bir-bir sayır, onların zala daxil olmasına kömək edirdilər. Kinoteatrın başqa bir guşəsində isə insanlar “44” filminin afişası önündə xatirə şəkilləri çəkdirirdilər.

Diqqət çəkən əsas məqamlardan biri tamaşaçılar arasında gənclərin üstünlük təşkil etməsi idi. Bəziləri dostları, bəziləri ailəsi, bəziləri isə sinif yoldaşları ilə gəlmişdi. Hər kəsin buraya gəlmək üçün fərqli səbəbi ola bilərdi. Amma hamımızı birləşdirən bir həyəcan vardı: 44 günlük Vətən müharibəsini bu dəfə kinonun gözü ilə izləmək.

“28 May” kinoteatrında da izdiham diqqət çəkirdi. Kinoteatrın qarşısında, kassaların yanında, zalın girişində xeyli insan vardı. Gənclər, yaşlılar, ailələr, uşaqlar… Hər kəs “44” filmini izləmək üçün gəlmişdi. İnsanların üzündə həm maraq, həm də müəyyən bir həyəcan hiss olunurdu.

Nəhayət, zallara daxil olduq.

"Gənclik Mall"da oturacaqların böyük əksəriyyəti artıq dolmuşdu. Cəmi bir neçə boş yer qalmışdı ki, onlar da film başlayandan təxminən beş dəqiqə sonra tutuldu.

“28 May” kinoteatrında da demək olar ki, bütün yerlər dolu idi. Müxtəlif yaşda olan insanlar əyləşmişdilər. Bəziləri öz aralarında sakitcə söhbət edir, bəziləri isə film başlamadan artıq ekrana baxırdı.

İşıqlar söndü. Film başladı…

Mən müharibənin səsini uşaqlığımdan tanıyırdım…

"Gənclik Mall"da filmi izləyərkən uşaqlıq xatirələrim yenidən gözümün önündə canlandı. Mən Tovuzluyam. Demək olar ki, müharibə şəraitində böyümüşəm. Uşaqlığım cəbhə bölgəsindən gələn gərgin xəbərlərin, zaman-zaman eşidilən atəş səslərinin, insanların narahat baxışlarının içində keçib. Amma cəbhədə nələrin yaşandığını, əsgərlərimizin hansı çətinliklərdən keçdiyini təsəvvür edə bilmirdim.

Mən müharibəni arxa cəbhədən tanımışdım. “44” filmi isə məni ön cəbhəyə, əsgərlərimizin keçdiyi çətin yollara, onların qorxularına, ümidlərinə, itkilərinə və qəhrəmanlıqlarına apardı.

Əlbəttə, kinoteatrda oturub film izləmək real döyüş meydanında yaşananları hiss etmək demək deyil. Ancaq bu film mənə uşaqlıqdan eşitdiyim müharibə səslərinin arxasında nə qədər ağır insan talelərinin dayandığını daha dərindən düşündürdü.

44 günə sığan qəhrəmanlıq

Filmin ilk dəqiqələrindən hadisələrin axarına qapıldıq. Ekranda Azərbaycan Ordusunun illərlə qurulmuş müdafiə sədlərini yararaq irəliləməsi, əsgərlərimizin döyüş meydanında göstərdikləri fədakarlıqlar canlanırdı.

Ancaq ən çox təsirləndirən döyüş səhnələrinin özü deyildi. Əsgərlərin bir-birinə münasibəti idi. Bir əsgər yaralananda digəri onu xilas etməyə çalışırdı. Heç kim silahdaşını geridə qoymaq istəmirdi. Bu, Azərbaycan xalqının necə mənəvi dəyərlərə sahib olmasından xəbər verirdi.

Filmdə Xüsusi Təyinatlı Qüvvələrin hazırlıq mərhələlərinə də yer ayrılır. Ağır təlimlər, komandirlərin tələbkarlığı, əsgərlərin dözümlülüyü diqqət çəkirdi. Bu səhnələri izlədikcə 44 günlük Zəfərin təsadüfən qazanılmadığını bir daha anlamaq olurdu. O Qələbənin arxasında illərin hazırlığı, zəhməti və böyük iradə dayanırdı.

Xüsusilə Hadrut uğrunda döyüşlər yadda qalan məqamlardan idi. Komandirin Hadrutu “Qarabağın açarı” adlandırması, əsgərlərin bütün çətinliklərə baxmayaraq irəliləməsi böyük qürur hissi yaradırdı.

“28 May” kinoteatrında isə film irəlilədikcə tamaşaçıların reaksiyalarını izləmək də maraqlı idi. Bəzi səhnələrdə zalda dərin bir sükut yaranır, bəzi anlarda isə insanların üzündə qürur hissi açıq-aydın görünürdü. Arada kiminsə dərindən nəfəs aldığını, kiminsə göz yaşını gizlətməyə çalışdığını hiss etmək olurdu.

Filmin ən çox düşündürən hissələrindən biri Azərbaycan hərbçilərinin və Ermənistan silahlı qüvvələrinin mülki insanlara münasibətinin təsviri oldu. Ekranda Azərbaycan əsgərləri yaşayış məntəqələrinə daxil olarkən erməni mülki əhalisini hədəfə almırdılar. Onların məqsədi torpaqlarımızı işğaldan azad etmək idi. Bu səhnələrin ardınca Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumlarının təsvir olunması tamam başqa hisslər yaradırdı.

Gecə saatları… Övladına layla oxuyan bir ana… Adi bir ailənin adi bir gecəsi…

Və birdən hər şey dəyişir.

Həmin səhnə insanı düşündürürdü: Bir ana övladını yatızdırarkən niyə müharibənin qurbanına çevrilməlidir? Cəbhədən uzaqda yaşayan insanların günahı nə idi? Filmin ən ağır mesajlarından biri məhz bu idi.

Bir tərəfdə döyüş meydanında düşmənlə üz-üzə gələn, mülki insanları hədəfə almayan Azərbaycan hərbçiləri, digər tərəfdə isə Ermənistan ordusunun yaşayış məntəqələrinə endirdiyi zərbələr…

Film bu qarşılaşdırma ilə müharibənin təkcə silahla deyil, insanlığa münasibətlə də yadda qaldığını göstərməyə çalışırdı. Tovuzda böyüyən biri kimi bu səhnə mənə xüsusilə təsir etdi. Çünki cəbhə bölgəsində yaşayanlar üçün atəş səsləri bəzən uzaqdan gələn xəbər deyil, gündəlik həyatın bir hissəsi olurdu.

Bir vaxt toy olan evə bu dəfə şəhid gətirildi…

“44” filmində döyüş səhnələri qədər insan taleləri də təsirlidir.

Ekran əsərində əsgərlərdən birinin Lerikdə keçirilən toy mərasimi təsvir olunur. Həmin səhnələrdə Azərbaycan toy adətləri, milli mətbəximiz, insanların sevinci və ailə münasibətləri öz əksini tapır.

Lakin müharibə həmin sevincin davam etməsinə imkan vermir.

Elxanın şəhid olması və cənazəsinin doğma yurduna gətirilməsi filmin ən ağır məqamlarından birinə çevrilir. Bir zamanlar toy sədalarının yüksəldiyi evdə bu dəfə yas mərasimi keçirilir. Bu səhnə 44 günlük müharibənin yalnız hərbi qələbədən ibarət olmadığını, həmin Zəfərin arxasında nə qədər ailənin itkisi və göz yaşının dayandığını xatırladır.

“28 May” kinoteatrında filmin təsirli səhnələrindən birində yaşanan kiçik bir hadisə isə xüsusilə yadda qaldı.

Yanımda əyləşən gənc bir xanımın gözləri dolmuşdu. Əlini ürəyinin üzərinə qoyub astadan “Şükürlər olsun” dedi. Bu kiçik an mənə zalda oturan insanların filmi sadəcə izləmədiyini, yaşananları daxilən hiss etdiyini göstərdi.

Ətrafıma baxanda düşündüm ki, bu zalda oturanların hər birinin müharibə ilə bağlı öz xatirəsi var. Kiminsə yaxınları cəbhədə olub, kimisi müharibə günlərini narahatlıqla televizor qarşısında keçirib, kimisi isə Qələbə xəbərini göz yaşları içində qarşılayıb. Ona görə də ekranda göstərilən hər hadisə tamaşaçılar üçün yad deyildi. Hər kəs öz həyatından, öz xatirələrindən nələrisə həmin kadrlarda tapa bilirdi.

Filmdə Rəşad və Zeynəbin münasibətləri də xüsusi yer tutur. Onların tanışlığı, bir-birinə bağlılığı və müharibənin bu münasibətə təsiri ekran əsərinə fərqli emosional çalar qatır.

Zeynəbin həkim kimi yaralılara yardım etməsi isə müharibədə yalnız ön cəbhədə döyüşənlərin deyil, arxa cəbhədə çalışan insanların da mühüm rol oynadığını göstərir.

Şuşaya gedən yol…

Filmin Şuşa uğrunda döyüşlərə həsr olunan hissəsini xüsusi həyəcanla izlədik.

Əsgərlərimiz sıldırım qayaları aşır, çətin yollardan keçir, bütün maneələrə baxmayaraq irəliləyirdilər.

Komandirin əsgərlərini qorumaq üçün öz həyatını təhlükəyə atması isə filmin ən təsirli məqamlarından idi. Son anlarında belə özünü deyil, silahdaşlarını və övladlarını düşünürdü.

Övladlarını Rəşada əmanət etməsi sadəcə bir film səhnəsi deyildi. Bu, müharibənin insanı necə ağır seçimlərlə üz-üzə qoyduğunu göstərən məqamlardan biri idi. Həmin anlarda düşündük ki, şəhidlərimiz yalnız Vətəni deyil, öz övladlarının gələcəyini də bizə əmanət ediblər.

Nəhayət, Şuşanın azad olunması…

Prezident İlham Əliyevin xalqa müraciəti…

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”.

Şuşa məscidinin əsgərlərimiz tərəfindən təmizlənməsi səhnəsi də diqqət çəkirdi. Bu, təkcə bir məscidin təmizlənməsi deyildi. Sanki illərlə işğal altında qalan torpaqlarımızda həyat yenidən başlayırdı.

Bəs Zəfərdən sonra?

Filmin sonlarına yaxın Rəşadın taleyi bizi yenidən müharibənin acı həqiqətləri ilə üz-üzə qoydu.

O, döyüşlərdən keçmiş, silahdaşlarını itirmiş, yaralanmış, sevdiyi insanla gələcək qurmaq arzusu olan bir gənc idi. Amma müharibə onun da arzularını yarımçıq qoyur.

Rəşadın şəhid olması ilə bağlı səhnələrdə düşündük ki, biz bəzən şəhidlərimiz haqqında danışarkən onların adlarını, rütbələrini, iştirak etdikləri döyüşləri xatırlayırıq. Halbuki hər birinin bunlardan başqa bir həyatı da vardı.

Onlar da gələcək haqqında düşünürdülər. Ailə qurmaq, övlad böyütmək, valideynləri ilə daha çox vaxt keçirmək istəyirdilər.

Müharibə isə bu arzuların bir çoxunu yarımçıq qoydu.

Filmdə Xocalı faciəsinin xatırladılması da təsadüfi deyildi. Bu səhnələr Azərbaycan xalqının yaddaşında 44 günlük Vətən müharibəsindən əvvəl yaşanmış faciələrin də unudulmadığını göstərirdi. Eyni zamanda ermənilərin Xocalıda törətdikləri vəhşiliklər öz dillərindən səsləndirilirdi.

İki kinoteatr, bir Zəfər duyğusu…

Film başa çatdı. İşıqlar yenidən yandı. Artıq döyüş səhnələri yox idi. Qarşımızda kinoteatrların oturacaqları, ətrafımızda isə bizim kimi film izləməyə gəlmiş insanlar vardı.

Amma düşüncələrimiz hələ də ekranda gördüklərimizdə qalmışdı.

“28 May” kinoteatrında film bitəndə insanların dərhal ayağa qalxıb danışmağa başlamadığını müşahidə etdim. Bir neçə saniyə hamı sakitcə yerində oturdu. Sonra insanlar yavaş-yavaş zaldan çıxmağa başladılar. Bəzilərinin gözləri hələ də yaşlı idi, bəzilərinin üzündə isə qürurlu bir təbəssüm vardı.

Həmin an hiss etdim ki, film hər kəsdə fərqli duyğular oyatsa da, zalı dolduran insanları birləşdirən ortaq bir hiss vardı.

"Gənclik Mall"da isə film başa çatanda düşüncələrim hələ də ekranda gördüklərimdə qalmışdı.

Əlbəttə, iki saatdan bir qədər artıq davam edən film 44 günlük müharibənin bütün ağrısını, əsgərlərimizin yaşadıqlarını tam əks etdirə bilməz. Heç bir ekran əsəri real döyüş meydanında yaşananları olduğu kimi hiss etdirə bilməz.

Kinoteatrın girişində gördüyüm gəncləri yenidən xatırladım. Bəlkə də onların arasında mənim kimi müharibə illərində uşaq olanlar vardı. Bəlkə də bəziləri o günləri yalnız televiziyadan xatırlayırdı.

Amma düşünürəm ki, belə filmlər xüsusilə gənc nəslin tariximizi daha yaxından tanıması üçün əhəmiyyətlidir.

Çünki Zəfəri qeyd etmək qədər onun hansı fədakarlıqlar hesabına qazanıldığını bilmək də vacibdir.

“28 May” kinoteatrında şahidi olduğum mənzərə isə bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsi xalqımızın yaddaşında yaşayır. Bu, sadəcə tarix kitablarında oxunan bir hadisə deyil. Hər bir ailənin, hər bir insanın həyatından keçən, sevinci və ağrısı ilə yadda qalan bir tarixdir.

Kinoteatrından ayrılarkən məndə qalan əsas təəssürat isə bu oldu ki, bəzən bir filmi izləmək üçün kinoteatra gedirsən, amma oradan öz xatirələrin, hisslərin və bir daha unutmayacağın düşüncələrlə ayrılırsan. “44” filmi də tamaşaçılara məhz bunu yaşadırdı.

Şahanə Ziyad,

Bəsti Rəfizadə

2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 1
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 2
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 3
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 4
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 5
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 6
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 7
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 8
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 9
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 10
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 11
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 12
2 saat 38 dəqiqədə yaşadıqlarım - “44” filmindən REPORTAJ — foto 13
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR