"Şamaxinka"da bu binalar sökülə bilər - SƏBƏB
Bakının "Şamaxinka" adalanan ərazisində sərnişin sıxlığını azaltmaq üçün bir sıra avtobus marşrutlarının dayanacaqları dəyişdirilsə də, problemin həlli daha geniş dəyişikliklər tələb edir.
Bakı şəhərinin əsas nəqliyyat qovşaqlarından biri olan "Şamaxinka" və "20 Yanvar" metrostansiyasının ətrafında sərnişin sıxlığının azaldılması, avtobusların hərəkətinin optimallaşdırılması istiqamətində tədbirlər görülür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, noyabrın 2-dən etibarən 102, 130, 142 və 159 nömrəli marşrut avtobusları Moskva prospektindəki 14 saylı notariat ofisinin yanındakı dayanacaq məntəqəsindən çıxarılıb və sərnişinlər alternativ dayanacaqlara yönləndiriliblər. Bundan əvvəl də 114A, 114B, 500, 503 və 508 nömrəli marşrut avtobusları 14 saylı notariat ofisinin yanındakı dayanacaqdan çıxarılmışdı.
Bəs sərnişinlərin alternativ dayanacaqlara yönləndirilməsi "Şamaxinka"dakı sıxlığın azaldılması üçün kifayət edəcəkmi?
Sfera.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ən yüksək avtomobil hərəkəti intensivliyi Sumqayıt-Bakı istiqamətində qeydə alınır:
"Şəhərə giriş nöqtələrində, xüsusilə şimal istiqamətində nəqliyyat sıxlığı problemi aktuallığını qoruyur. Abşeron yarımadasının ən sıx məskunlaşmış yaşayış məntəqələri Bakı, Xırdalan və Sumqayıtdır. Bu yaşayış məntəqələrinin eyni istiqamətdə yerləşməsi nəqliyyat yükünü artırır. Sərnişinlərin böyük hissəsini daşıya biləcək ictimai nəqliyyat növlərinin intensiv fəaliyyəti təmin olunmadığından, insanlar fərdi avtomobillərə və qeyri-qanuni sərnişindaşıma xidmətlərinə üz tuturlar. Relsli nəqliyyatın kifayət qədər intensiv işləməməsi də avtobusların üzərinə əlavə yük salır. Çoxsaylı avtobusların eyni nöqtədə cəmləşməsi isə sıxlığı daha da artırır".

R.Ağamirzəyev bildirib ki, "Şamaxinka"dan "20 Yanvar" dairəsi istiqamətində piyada infrastrukturunun yaxşılaşdırılması, hərəkətə mane olan baryerlərin aradan qaldırılması və dayanacaqların avtobusların sayına uyğun təşkili vacibdir:
"Bir neçə avtobusun eyni vaxtda dayanacağa yaxınlaşdığı ərazilərdə uzun platformalar yaradılmalı, ərazi imkan verdiyi hallarda avtobusların iki, hətta üç cərgədə dayanması nəzərdən keçirilməlidir. Eyni zamanda, "20 Yanvar" dairəsində piyada zolaqları ilə təchiz olunmuş keçidlər təşkil edilməli, səkilər abadlaşdırılmalı və piyada hərəkəti üçün daha qısa keçidlər yaradılmalıdır".
Ekspertin fikrincə, ərazidə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanların fəaliyyətinin qarşısının alınması da vacibdir. Sərnişinlər şəhərətrafı marşrutlardan rahat şəkildə düşüb metroya və ya digər marşrutlara keçə bilməlidirlər:
"Bunun üçün hasarların optimallaşdırılması, məhəllə girişlərinin səki səviyyəsinə qaldırılması kimi tədbirlər də görülə bilər. Uzunmüddətli perspektivdə Abşeron dairəvi dəmir yolu xəttində qatarların 15-20 dəqiqəlik intervalla hərəkəti təmin olunmalıdır. Bunun üçün yük və sərnişin daşımaları bir-birindən ayrılmalı, rabitə və işarəvermə sistemləri, rəqəmsal dispetçer xidməti təkmilləşdirilməli, qatarların sayı artırılmalıdır".
Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, "Şamaxinka"da problemin başlıca səbəbi nəqliyyat axınının düzgün bölüşdürülməməsidir:
""Şamaxinka" Bakının əsas giriş-çıxış nöqtələrindən biridir. Dairəvi yoldan hərəkət edən nəqliyyat vasitələrinin də şəhərə daxil olmaq üçün bu ərazidən istifadə etməsi nəqliyyat yükünü artırır. Alı Mustafayev küçəsi, Moskva prospekti, Müzəffər Həsənov küçəsi, Asif Məhərrəmov və "20 Yanvar" küçələri kimi müxtəlif istiqamətlərdən nəqliyyat vasitələrinin əraziyə daxil olması qarışıqlıq yaradır".

A.Əsədovun sözlərinə görə, problemin həlli üçün avtomobil yollarının və avtobus zolaqlarının genişləndirilməsi, avtobusların hərəkət qrafiklərinin təyinat istiqamətlərinə uyğun tənzimlənməsi lazımdır:
"Moskva prospektinin "Şamaxinka"dan "20 Yanvar" metrostansiyasına qədər uzanan hissəsində, xüsusilə sağ tərəfdə yolun təxminən dörd metr genişləndirilməsi mümkündür. Kinostudiya istiqamətində də bu cür genişləndirmə aparıla bilər. Bundan başqa, Moskva prospektinin sağ və sol tərəflərindəki köməkçi yollarda nəqliyyat vasitələrinin sərbəst giriş-çıxışı təmin edilməlidir. Bu, Tbilisi prospektinə, Həsən bəy Zərdabi prospekti və Salamzadə küçəsinə, həmçinin "Şamaxinka" - "20 Yanvar" istiqamətində Asif Məhərrəmov, "20 Yanvar" və Mir Cəlal küçələrinə çıxışlar baxımından da əhəmiyyətlidir".
Ekspertin fikrincə, AYNA-nın bəzi marşrutları digər dayanacaqlara yönləndirməsi effektiv həll yolu deyil:
"Əsas məqsəd sərnişinlərin avtobuslara daha sürətli minib-düşməsini təmin etmək olmalıdır. Avtobus dayanacaqda uzun müddət qalmamalı, sərnişinlər minib-düşdükdən sonra hərəkətini davam etdirməlidir. Pik saatlarda sərnişin axınının idarə olunması üçün yalnız avtobuslardan istifadə etmək düzgün deyil. Taksilər üçün xüsusi minib-düşmə zonaları yaradılmalı, bu zonaların uzunluğu ən azı 10 metr olmalıdır. Əvvəllər sərnişin daşımalarında istifadə olunan kiçik və ortatutumlu avtobuslar da pik saatlarda sərnişin axınının bölüşdürülməsinə kömək edirdi. Həmin nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması sistemdə əlavə yüklənməyə səbəb olub".
A.Əsədovun sözlərinə görə, uzunmüddətli həll kimi yeni yolların çəkilməsi, tramvay xətlərinin bərpası, metro stansiyalarının sayının artırılması və dəmir yolu şəbəkəsinin genişləndirilməsi vacibdir:
"Bununla yanaşı, Bakıətrafı qəsəbələr arasında birbaşa avtobus əlaqələri yaradılmalıdır. Hazırda qonşu qəsəbələr arasında birbaşa marşrutun olmadığı hallar var. Sakinlər məcburən "20 Yanvar" dairəsi istiqamətinə gedərək oradan başqa nəqliyyat vasitəsinə minirlər. Bu da şəhərin əlavə yüklənməsinə səbəb olur. Şamaxinkada yol infrastrukturunun genişləndirilməsi üçün yaxınlıqdakı beşmərtəbəli və doqquzmərtəbəli binaların sökülməsi variantı da təklif olunur".






