Azərbaycanda yeni qurum yaradılacaq
Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirəcək və onların hüquqlarını qoruyacaq yeni qurumun yaradılması nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası məcburi üzvlük əsasında fəaliyyət göstərən, özünüidarəetmə prinsipi ilə idarə olunan qeyri-kommersiya hüquqi şəxsi olacaq. Palatanın əsas məqsədi üzvlərinin hüquq və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirməkdir. Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü hesab olunacaq. Ekspertin fəaliyyətinə xitam verildikdə isə onun üzvlüyü də başa çatacaq. Palatanın idarəetmə qaydaları nizamnamə ilə müəyyənləşdiriləcək. Quruma İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək. Yeni qurumun maliyyə mənbələri üzvlük haqları, intizam tənbehi kimi tətbiq edilən cərimələrdən daxilolmalar və ianələr olacaq. Palatanın əsas fəaliyyət istiqamətlərinə özəl məhkəmə eksperti olmaq istəyən şəxslərə ixtisas imtahanlarına hazırlıqda metodiki dəstək göstərilməsi, ekspertlərin təlimlərinin təşkili, fəaliyyətlərinin əlaqələndirilməsi və etik davranış kodeksinə əməl olunmasına nəzarət daxildir. Bundan başqa, Palata dövlət qurumlarında özəl məhkəmə ekspertlərini təmsil edəcək, onların hüquq və qanuni mənafelərini müdafiə edəcək. Ekspertlərin qanunvericiliyin tələblərini və ya icra intizamını pozmasına dair kifayət qədər dəlil olduqda isə intizam icraatının başlanması üçün İntizam Komissiyasına təqdimat verə biləcək. Qurumun səlahiyyətlərinə məhkəmə ekspertizası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, xarici ölkələrin məhkəmə ekspertləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək də daxil olacaq.
Layihənin keçid müddəalarına əsasən, Palata dövlət qeydiyyatına alınanadək onun səlahiyyətlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Palata Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis olunacaq. 2027-ci il iyulun 1-dək ekspertlərin sayı 50 nəfərə çatmasa, təsis yığıncağı Reyestrdəki ekspertlərin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. Ekspertlərin sayı 50-yə çatdıqdan sonra bir il ərzində Palata təsis edilməzsə, yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum çağıracaq. Palata dövlət qeydiyyatına alındıqdan sonra Reyestrə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab olunacaqlar. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə
Sfera.az






