Alimlərdən kəşf: Hava hadisələri 1 il əvvəl bilinəcək
Alimlər El-Nino və La-Ninya iqlim hadisələrini başlamazdan bir il əvvəl proqnozlaşdırmağa imkan verən şərtləri müəyyən ediblər. Bu, ölkələrə ekstremal hava hadisələrinə hazırlaşmaq üçün daha çox vaxt qazandıra bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Science Advances” elmi jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat göstərib ki, proqnozun hazırlandığı vaxt Sakit okeanın vəziyyəti El-Nino-Cənub rəqslənməsinin (ENSO) uzunmüddətli proqnozlarının dəqiqliyinə əhəmiyyətli təsir göstərir.
El-Nino və La-Ninya mərhələlərini əhatə edən ENSO dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir edir. Bu hadisələr adətən dekabr ayında pik həddə çatır. Onları təxminən altı ay əvvəldən etibarlı şəkildə proqnozlaşdırmaq mümkün olsa da, daha uzunmüddətli proqnozlar indiyədək çətinlik yaradıb.
Avstraliyanın Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) və Melburn Universitetinin alimləri doqquz ölkədə hazırlanmış iqlim modelləri əsasında tərtib edilən 7500-dən çox tarixi ENSO proqnozunu təhlil ediblər.
Məlum olub ki, proqnoz hazırlanarkən Sakit okeanın El-Nino, La-Ninya və ya neytral mərhələdə olması onun bir il sonrakı dəqiqliyini qiymətləndirmək üçün mühüm məlumat verir.
Araşdırmanın nəticələrinə görə, La-Ninya dövründə hazırlanan proqnozlar hətta bir il əvvəldən veriləndə də sabit şəkildə dəqiq olub. Neytral şəraitdə isə proqnozların etibarlılığı xeyli aşağı düşüb.
Tədqiqatın həmmüəllifi, Melburn Universitetinin doktoru Mendi Freynd bildirib ki, əldə olunan nəticələr uzunmüddətli iqlim proqnozlarının etibarlılığını qiymətləndirməyə yeni yanaşma təqdim edir.
Onun sözlərinə görə, sınaqdan keçirilən doqquz modelin hamısında La-Ninya şəraitində hazırlanan illik proqnozların effektiv olması tropik Sakit okeanın bu mərhələdə növbəti il üçün daha proqnozlaşdırıla bilən olduğunu göstərir.
Tədqiqatın aparıcı müəllifi, doktor Nandini Rameş isə bildirib ki, araşdırma erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə kömək edə bilər. Onun sözlərinə görə, nəticələr hansı proqnozlara daha çox etibar etməyin mümkün olduğunu müəyyənləşdirməyə və əhalini El-Ninyo hadisələri barədə daha erkən xəbərdar etməyə imkan verəcək.
Alimlər həmçinin müəyyən ediblər ki, müxtəlif iqlim şəraitlərində fərqli proqnozlaşdırma üsulları daha effektiv ola bilər. Fiziki qanunlara əsaslanan ənənəvi modellər neytral şəraitdə proqnoz verməkdə çətinlik çəksə də, maşın öyrənməsi və statistik modellər bu vəziyyətdə nəticələri yaxşılaşdıra bilər.
Tədqiqat El-Nino və La-Ninya ilə əlaqəli quraqlıq, daşqın və digər ekstremal hava hadisələrinə hazırlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu hadisələrin daha erkən proqnozlaşdırılması ölkələrə mümkün fəsadları azaltmaq üçün əlavə vaxt qazandıra bilər.
Fatimə
Sfera.az






