Cənub axınları və Xəzərin nəmi: Bakıdakı rütubət zərərlidir?
Oktyabr ayının sonlarına yaxınlaşmağımıza baxmayaraq Bakıda hələ də sərin havalar müşahidə edilmir. Bunun əvəzində son günlərdə paytaxtda və ətraf rayonlarda rütubətin miqdarının kəskin artması görünür. Hər səhər yer səthinin islanması, əşyaların üzərində şehin düşməsi havanın hələ də soyumaması ilə əlaqələndirilir. Anomal rütubətlə müşayiət olunan bu mülayim payız günləri həm təbiətdə, həm də gündəlik həyatımızda öz təsirini hiss etdirməkdədir.
Bəs temperaturun aşağı düşməməsinin səbəbi nədir və rütubətli havanın mənfi təsiri varmı?
Ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlamasında havanın mülayim keçməsinin səbəblərindən danışıb. O bildirib ki, havanın insan sağlamlığına təsirini qiymətləndirərkən yalnız temperaturu deyil, rütubət səviyyəsini də nəzərə almaq lazımdır:
“Cənubdan gələn rütubətli hava axınları Xəzər dənizindən daxil olan nəmli hava ilə birləşərək Bakıda havanın rütubətini daha da artırır. Bu zaman küləyin zəif olması və buludlu hava şəraiti də insanların özünü narahat hiss etməsinə təsir göstərə bilər. Bakıda oktyabrın son günlərində temperaturun tədricən aşağı düşəcəyi gözlənilir. Belə ki, oktyabrın 27-dən etibarən gündüz saatlarında temperaturun 19–20 dərəcəyədək enəcəyi, ayın 30-da isə 17 dərəcə ətrafında olacağı proqnozlaşdırılır”.

Bununla belə, ekoloq havanın nə vaxt tam soyuyacağını indidən dəqiq deməyin çətin olduğunu söylədi.
Ekoloq belə havaların insan sağlamlığına təsiri məsələsinə də toxunub və qeyd edib ki, yüksək rütubət xüsusilə isti havalarda orqanizmin istiliyi xaric etməsini çətinləşdirir. Nəticədə insanlarda halsızlıq, fiziki dözümlülüyün və iş qabiliyyətinin azalması müşahidə oluna bilər.
“Hava şəraiti həssas qruplar üçün daha ciddi risklər yarada bilər. Bu vəziyyət xəstələrə, hamilə qadınlara, uşaqlara və yaşlı nəslin nümayəndələrinə daha pis təsir edir”, - deyə ekoloq bildirib.
İradə Elsevər






