"Onların maaşı artırılacaq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Bununla da, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində TƏBİB-ə keçir.
TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi səhiyyə sistemindəki hansı problemləri aradan qaldıracaq? Bu struktur dəyişikliyi gələcəkdə həkimlərin əməkhaqqı sisteminə təsir göstərə bilərmi?
Milli Məclisin deputatı Soltan Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, istənilən yeni sistemin tətbiq olunması hər zaman mərhələli şəkildə həyata keçirilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ölkəmizdə səhiyyə sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, koordinasiyanın gücləndirilməsi eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin
əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İstənilən yeni sistemin tətbiq olunması hər zaman mərhələli olur və müvəqqəti mexanizmlərdən istifadə olunmasını tələb edir. Vaxtilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaradılması məhz səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi üçün həyata keçirilmiş müvəqqəti addım idi. Həmin dövrdə dövlət tibb müəssisələrinin sovet dövründən qalma idarəetmə modelindən yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması, tibb müəssisələrinin idarəetməsinin gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyırdı. Keçid prosesində yaranan idarəetmə və maliyyələşmə məsələlərinin operativ həlli üçün dövlət tibb müəssisələrinin fəaliyyətini bilavasitə əlaqələndirən ayrıca idarəetmə strukturuna ehtiyac var idi. Məhz bu zərurətdən yaranan TƏBİB həmin mərhələdə xəstəxanaların yeni sistemə uyğunlaşmasına, idarəetmə mexanizmlərinin formalaşmasına və icbari tibbi sığortanın tətbiqinə xidmət etmişdir”.
Deputat deyib ki, əsas məqsəd daha çevik və vətəndaş yönümlü səhiyyə modelinin formalaşdırılmasıdır:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi bu sahədə əldə olunmuş yüksək təcrübənin mövcud reallıqlarla uzlaşdırılması, ən əsası tibb müəssisələrində göndərişlərin elektronlaşdırılması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması və monitorinqi kimi müsbət nəticələrə gətirib çıxaracaq. Yeni yanaşmanın səmərəliliyi yalnız idarəetmə strukturunun dəyişməsi ilə deyil, həm də bu dəyişikliklərin vətəndaşların gündəlik həyatında yaratdığı nəticələrlə ölçülməlidir. Əsas məqsəd daha çevik, koordinasiyalı və vətəndaş yönümlü səhiyyə modelinin formalaşdırılmasıdır”.
Parlamentari bu struktur dəyişikliyinin həkimlərin əməkhaqqı sisteminə də müsbət təsirini göstərəcəyini vurğulayıb:
“Xüsusi olaraq qeyd etmək istərdim ki, bu struktur dəyişikliyi həkimlərin əməkhaqqı sisteminə də öz müsbət təsirini göstərəcək. Keyfiyyətli xidmətin təmin olunması bilavasitə iş həcminin çoxalmasına və həkimlərin əlavə ödənişlərinin artmasına səbəb ola bilər. Bu da daha keyfiyyətli xidmət göstərən tibbi müəssisələrin maliyyə imkanlarının yüksəlməsinə gətirib çıxaracaq. Ümumi olaraq qeyd etmək istərdim ki, vahid idarəetmə sisteminin tətbiqi səhiyyə sahəsində maliyyə idarəetməsinin də effektivliyini artırmaqla yanaşı gələcəkdə həkimlərin əməkhaqlarının artırılması üçün də əlavə imkanlar formalaşdıracaq”.






