Sosial şəbəkələrlə bağlı qanun qəbul ediləcək - Nələri əhatə edə bilər?

Sosial şəbəkələrlə bağlı qanun qəbul ediləcək - Nələri əhatə edə bilər?
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələr artıq yalnız insanların ünsiyyət qurduğu və informasiya paylaşdığı platformalar deyil.

Bu platformalar ictimai rəyə, informasiya dövriyyəsinə, reklam bazarına və hətta insanların gündəlik qərarlarına ciddi təsir göstərən əsas rəqəmsal məkanlardan birinə çevrilib.

Bununla yanaşı, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, manipulyativ məzmun, nifrət nitqi və müxtəlif qanun pozuntuları ilə bağlı məsuliyyət məsələsi də getdikcə daha çox müzakirə olunur. Xüsusilə platformaların hansı hallarda məsuliyyət daşımalı olduğu, istifadəçi hüquqlarının necə qorunacağı və xarici platformaların Azərbaycandakı fəaliyyətinin hansı mexanizmlərlə tənzimlənəcəyi sualları aktuallığını qoruyur.


Milli Məclisdə sosial şəbəkə platformalarının Azərbaycanda məsuliyyətinin müəyyənləşdirilməsi ilə bağlı ayrıca qanunun hazırlanması da təklif edilib. Təklifdə platformaların dezinformasiya və manipulyasiyaya görə məsuliyyəti, eləcə də Azərbaycanda əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması məsələsi gündəmə gətirilib.

Bəs Azərbaycanda sosial şəbəkə platformalarının məsuliyyətini müəyyən edən ayrıca qanuna həqiqətən ehtiyac varmı və belə bir qanun hansı məsələləri əhatə etməlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bu sahədə xüsusi hüquqi tənzimləmə artıq formalaşdırılmağa başlayıb.

Onun sözlərinə görə, 2026-cı ilin iyununda Milli Məclisdə üçüncü oxunuşda bir sıra qanunlara dəyişikliklər qəbul edilib və bununla “platforma” və “provayder” anlayışlarının hüquqi tərifi, 16 yaş həddi və valideyn nəzarəti rejimi, dövlət qeydiyyatı öhdəliyi, dövlət orqanlarının sorğularına 5 iş günü, zərərli məzmuna isə 24 saat ərzində reaksiya verilməsi kimi tələblər müəyyənləşdirilib.

Bu tələblərin pozulmasına görə 50 min manatadək cərimələr də nəzərdə tutulur.

“Deməli, sualı “sıfırdan yeni tənzimləmə lazımdırmı?” kimi deyil, “bu nizamsız normaları vahid, sistemli çərçivəyə yığmağa ehtiyac varmı?” kimi versək daha doğru olar. Eyni münasibətlərin dörd-beş müxtəlif aktda, fərqli anlayışlarla tənzimlənməsi tətbiq praktikasında ziddiyyətlər yaradır”, – vəkil bildirib.


Vergi məsələsinə toxunan Turan Abdullazadə qeyd edib ki, platformalar Azərbaycandan əldə etdikləri gəlirlərə görə tamamilə vergidən kənarda deyil:

“Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər qeyri-rezidentdən elektron qaydada iş və xidmət aldıqda, ödənişi həyata keçirən yerli bank alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablayaraq büdcəyə ödəyir. Facebook və Instagram-da yerləşdirilən reklam xidmətləri də bu rejimə düşür. Yəni dolayı vergi - ƏDV tutulur. Tutulmayan əsas məsələ mənfəət vergisidir və bunun səbəbi beynəlxalq vergi hüququnun klassik qaydasıdır: daimi nümayəndəlik olmadan mənbə ölkəsinin vergitutma hüququ yaranmır”.


Vəkil sosial şəbəkələrin dezinformasiya və manipulyasiyaya görə məsuliyyətə cəlb edilməsi məsələsində isə hüquqi terminlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib:

““Dezinformasiya”, “manipulyasiya”, “ideoloji təxribat” terminləri hüquqi məsuliyyət tərkib elementi kimi yararsızdır. Çünki Konstitusiyanın 47 və 50-ci maddələri, habelə AİHK-nın 10-cu maddəsi müdaxiləyə yalnız qanunla nəzərdə tutulduqda yol verir. AİHM praktikasında norma şəxsin davranışını öncədən tənzimləməsinə imkan verəcək qədər dəqiq və proqnozlaşdırıla bilən olmalıdır. “İdeoloji təxribat” bu meyara cavab vermir və qeyri-müəyyənlik ifadə azadlığına senzura effekti yarada bilər”.

Onun sözlərinə görə, AİHM-in mövqeyinə əsasən, nifrət nitqi və zorakılığa çağırışa görə vasitəçinin məsuliyyəti mümkün olsa da, ümumi və fərdiləşdirilməmiş bloklama ifadə azadlığı baxımından problem yaradır.

Turan Abdullazadə hesab edir ki, bu baxımdan Azərbaycanda da beynəlxalq standartlara uyğun daha sistemli hüquqi çərçivənin yaradılması mümkündür:

“Düşünürəm ki, ayrıca qanuna ehtiyac var, lakin adı və məntiqi “sosial şəbəkələrin məsuliyyəti haqqında” deyil, “onlayn platformalar, rəqəmsal xidmətlər haqqında” olmalıdır. Onun predmeti məzmunun doğruluğunun qiymətləndirilməsi deyil, platformanın ölkə hüquq sisteminə prosessual şəkildə bağlanması, nümayəndəlik, tənzimlənmə prosedurları, şəffaflıq, istifadəçi hüquqları, məhkəmə nəzarəti və digər məsələlər olmalıdır. Vergi məsələsi isə bu qanunun deyil, Vergi Məcəlləsinin predmetidir”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR