İqlim dəyişikliyi fırtınaları gücləndirir - Risk altında olan ÖLKƏLƏR

İqlim dəyişikliyi fırtınaları gücləndirir - Risk altında olan ÖLKƏLƏR
Kateqoriya məlum deyil
T

İqlim dəyişikliyi dünyada fırtınaların daha da güclənməsinə, təhlükəli xarakter almasına və əvvəlki illərlə müqayisədə fərqli istiqamətlərə yayılmasına səbəb olur. Nəticədə daha çox insan güclü fırtınaların təsir dairəsinə düşür.

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın “Bündnis Entwicklung Hilft” qeyri-hökumət təşkilatları alyansı və Ruhr Universitetinin Sülh və Silahlı Münaqişələr üzrə Beynəlxalq Hüquq İnstitutunun hazırladığı “WorldRiskReport” hesabatında qeyd olunub.

Hesabata əsasən, fırtınalar bütün ekstremal təbiət hadisələri arasında iqtisadi baxımdan ən böyük zərərə səbəb olan hadisələrdir. Bu təbii fəlakətlərdən daha çox kasıb ölkələr zərər görür. Fırtınalar insan tələfatına görə isə zəlzələlərdən və həddindən artıq isti və soyuq temperatur hadisələrindən sonra üçüncü yerdə qərarlaşır İqlimşünas Friederike Otto bildirib ki, son illərdə ən güclü fırtınaların ümumi fırtınalar içərisində payı artır.

Onun sözlərinə görə, okean sularının istiləşməsi tropik siklonların əvvəllər belə hadisələrin nadir olduğu ərazilərə yayılmasına və qütblərə doğru irəliləməsinə şərait yaradır. İsti okean suları həmçinin fırtınaların qısa müddətdə sürətlə güclənməsi hallarını artırır. Bu isə belə hadisələrin əvvəlcədən proqnozlaşdırılmasını və əhaliyə vaxtında xəbərdarlıq edilməsini çətinləşdirir.

Temperaturun yüksəlməsi sahilyanı ərazilərdə dəniz səviyyəsinin artması ilə əlaqədar daşqın, eroziya və torpaq sürüşməsi riskini də artırır. Bundan başqa, isti hava daha çox rütubət saxladığından, ildırım və superhüceyrə kimi konvektiv fırtına sistemləri zamanı yağıntıların intensivliyi yüksələ bilər.

Hesabatın 193 ölkəni əhatə edən “Storm Risk Index” göstəricisinə görə, qlobal fırtına riskinin böyük hissəsi 10 ölkənin payına düşür. Bunlar Filippin, Meksika, Madaqaskar, Mavriki, Yaponiya, Çin, Mikroneziya, ABŞ, Cənubi Koreya və Avstraliyadır. Avropada isə tropik siklonlar nadir olsa da, ekstratropik siklonlar daha geniş yayılıb.

Xüsusilə Şimali Avropada belə fırtınaların sayında artım müşahidə olunur. Bu proses qış aylarında yağıntıların çoxalmasına da təsir edir. Hesabatda İtaliya 51-ci, Yunanıstan 56-cı, İspaniya 58-ci, Portuqaliya 69-cu, Fransa 78-ci, Albaniya 81-ci, Polşa 82-ci, Böyük Britaniya 89-cu, Xorvatiya 92-ci, Belçika 94-cü, Niderland 96-cı və Almaniya 99-cu yerdə göstərilib. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə fırtınaların vurduğu zərərin miqyası yalnız onların gücündən deyil, ölkələrin bu hadisələrə nə dərəcədə hazır olmasından da asılı olacaq.

Bunun üçün dayanıqlı infrastruktur, daha dəqiq proqnozlaşdırma və effektiv erkən xəbərdarlıq sistemləri vacibdir. Hesabatda vurğulanır ki, xəbərdarlıqlar bütün əhali qruplarına çatmalı və xüsusi ehtiyacı olan insanların təxliyəsi nəzərə alınmalıdır.

Məsələn, rəng korluğu olan şəxslərin xəritələri düzgün oxuya bilməməsi və bəzi sosial-mədəni amillərin insanların hərəkət imkanlarını məhdudlaşdırması belə sistemlərin hazırlanması zamanı nəzərə alınmalıdır. Digər mühüm problem isə xəbərdarlıqların əsasən küləyin sürətinə fokuslanmasıdır. Halbuki fırtınalar zamanı insan həyatı üçün ən böyük təhlükələrdən biri daşqınlar və fırtına dalğalarıdır.

Buna görə də hava temperaturu, yağıntının miqdarı və növü, küləyin istiqaməti və sürəti, buzlanma, ildırım və tornado riskini birlikdə nəzərə alan çoxsaylı təhlükə xəbərdarlıq sistemlərinin tətbiqi təklif olunur. Hesabatda icma səviyyəsində fəlakətlərə hazırlığın da əhəmiyyəti vurğulanır. Çünki bəzi insanlar radio, mobil telefon və digər kommunikasiya vasitələrinə çıxış imkanından məhrum ola bilər.

Sığorta da fırtınadan sonra bərpa prosesində mühüm rol oynayır. Lakin inkişaf etməkdə olan ölkələrdə sığortanın ya əlçatmaz, ya da baha olması bərpa prosesini ləngidir və uzunmüddətli yoxsulluq riskini artırır. Hesabat müəllifləri bildirirlər ki, erkən xəbərdarlıq və fövqəladə hallara hazırlıq tədbirləri ilə yanaşı, istixana qazı emissiyalarının azaldılması da fırtınaların iqlim dəyişikliyi fonunda daha da güclənməsinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR