Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?

Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
Kateqoriya məlum deyil
T

Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələrlə bağlı sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub.

Belə ki, "TikTok” sosial şəbəkəsində "leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslərin ADMİU-nun birinci kurs tələbələrini hədələdiyi iddia edilib.

Bundan sonra məsələ ilə bağlı ADMİU-nun İntizam Komissiyasının iclası keçirilib. İclasın nəticəsi olaraq Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub. Qərar rektor tərəfindən əmrlə rəsmiləşdirilərək qüvvəyə minib.

Universitetin açıqlamasına görə, qərar ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin müvafiq bəndi və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili İntizam Qaydaları”nın tələbləri əsas götürülərək qəbul edilib.

Hadisə universitetdən xaric olunan tələbələrin sonrakı təhsil imkanları ilə bağlı məsələləri də gündəmə gətirir.

Bəs tələbə ali təhsil müəssisəsindən xaric edildikdən sonra başqa universitetdə təhsilini davam etdirə bilərmi?

Məsələ ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, tələbənin universitetdən xaric edilməsi qərarı tamamilə əsaslıdır:

"Canlı yayında digər tələbələri təhdid etmək ağır intizam xətasıdır, ali təhsil müəssisələrinin daxili nizam-intizam qaydalarının və tələbələrin etik davranış qaydalarının kobud şəkildə pozulması deməkdir. Təhsil müəssisəsi yalnız akademik bilik verən ocaq deyil, eyni zamanda təhlükəsiz təhsil mühitini təmin etməyə cavabdeh olan strateji bir qurumdur. Bu səbəbdən İntizam Komissiyasının belə bir hal qarşısında tələbənin universitetdən xaric edilməsi qərarı hüquqi, akademik və etik baxımdan tamamilə əsaslıdır”.

Təhsil eksperti qeyd edib ki, xaric olunma səbəbi kimi intizam pozuntusu qeyd olunan tələbənin digər ali məktəblərə köçürülməsi faktiki olaraq mümkünsüz hala gəlir:

"İlk növbədə, mövcud qaydalara əsasən, intizam pozuntusuna və universitetin nüfuzuna xələl gətirən hərəkətlərə görə xaric edilən tələbələrin başqa ali məktəbə köçürülməsi və yaxud da təhsilin bərpa edilməsi faktiki olaraq mümkünsüz hala gəlir. Şəxs elektron sistem üzərindən müraciət etsə belə, onun şəxsi işində xaric olunma səbəbi kimi intizam pozuntusu qeyd olunur və digər ali məktəblərə köçürülmə prosesi də artıq mümkünsüz hal kimi qiymətləndirilir.

İkinci vacib məqam isə bu qərarın məhkəmə tərəfindən ləğv olunması imkanıdır. Şəxs qərarın ədalətsiz olduğunu, prosedur qaydalarının pozulduğunu və yaxud da cəzanın dərəcəsinin törədilmiş əməllə mütənasib olmadığını iddia edirsə, inzibati məhkəmə qaydasında iddia qaldıra bilər. Lakin məhkəmə çəkişməsi zamanı canlı yayındakı təhdid faktı, audiovizual sübutlar və universitetin təhlükəsizlik riskləri nəzərə alınacağı üçün məhkəmənin ali məktəbin daxili muxtariyyət çərçivəsində verdiyi qərarı qüvvədə saxlaması da düşünürəm ki, qaçılmaz olacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR