Sosial şəbəkələrdə yayılan avtobus görüntülərinə “BakuBus”dan REAKSİYA - VİDEO

Sosial şəbəkələrdə "BakuBus” avtobuslarından birində kondisionerdən suyun salonun içərisinə axmasını əks etdirən görüntülər yayılıb.
Videogörüntüdə avtobusun kondisionerinin nasaz olduğu və bu səbəbdən suyun çölə deyil, salonun daxilinə axdığı qeyd olunur.
Sfera.az xəbər verir ki, azxeber.com-un sorğusuna cavab olaraq "BakuBus” MMC-dən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntü cari tarixə aid deyil.
Şirkətin məlumatına görə, görüntüdə əks olunan hadisə iyul ayında "BakuBus” MMC-nin istismarında olan 7B nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində baş verib.
Bildirilib ki, nasazlıq mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması səbəbindən yaranıb. Sürücü nasazlıq barədə dərhal Monitorinq Mərkəzinə məlumat verib.
Bundan sonra avtobus xətdən ayrılaraq texniki baxış üçün depoya yönləndirilib. Şirkətdən qeyd olunub ki, aşkar edilən nasazlıq aradan qaldırılıb.






