"Tələbəni xaric etmək doğru deyil" - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib.
Sfera.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ceyhun Məmmədov tələbələrin hədələnməsi ilə bağlı yayılan görüntülərin ciddi narahatlıq doğurduğunu qeyd edib. O, universitetlərdə tələbələrin təhlükəsizliyinin təmin edilməsinin və sağlam təhsil mühitinin qorunmasının vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər.
"Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər.
Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər”, – deputat bildirib.
C.Məmmədov hesab edir ki, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır.
O qeyd edib ki, məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmlərin nəzərə alınması olmalıdır.
Deputat universitetlərin tələbələrin təhlükəsizliyini qorumasının və hədə-qorxu, zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
"Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir”, – Ceyhun Məmmədov əlavə edib.






