Azərbaycan Stomatoloji Assosiasiyasının Prezidenti Praqada FDI Ümumdünya Stomatoloji konqresdə iştirak etdi

Azərbaycan Stomatoloji Assosiasiyasının Prezidenti Praqada FDI Ümumdünya Stomatoloji konqresdə iştirak etdi
Kateqoriya məlum deyil
T

Dünya stomatologiyasının builki mərkəzi Çex Respublikasının paytaxtı Praqa şəhəri oldu. Belə ki, stomatologiya və ağız sağlamlığı sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri – FDI Ümumdünya Stomatoloji Konqresi 2026 məhz Praqada təşkil olundu. Tədbir Beynəlxalq Stomatoloqlar Federasiyası (FDI World Dental Federation) və Çex Stomatoloji Palatasının (Czech Dental Chamber) birgə təşkilatçılığı ilə keçirilib. Kongress dünyanın müxtəlif ölkələrindən stomatoloqları, tədqiqatçıları, səhiyyə mütəxəssislərini, akademik dairələrin nümayəndələrini, stomatoloji avadanlıqda ixtisaslaşan mötəbər şirkətləri, həmçinin gənc mütəxəssisləri və sənaye sektorunu bir araya gətirmişdir.

Sfera.az bildirir ki, FDI Ümumdünya Stomatoloji Konqresi ilə paralel olaraq 2026-cı il Dünya Stomatoloji Parlamenti də əsrarəngiz Praqa şəhərində baş tutdu. Parlament çərçivəsində FDI-nin Baş Assambleyası, Şura və komitələrin iclasları, ictimai səhiyyə, stomatoloji təcrübə, təhsil, elm, üzvlük və gənc stomatoloqlarla bağlı müzakirələr aparılır.

Qeyd etmək yerinə düşərdi ki, builki Baş Assambleyanın gedişatında FDI-nin strateji prioritetləri, hesabatları, siyasətləri, üzvlük və idarəetmə məsələləri, həmçinin Federasiyanın idarəedici və daimi orqanlarına seçkilər müzakirə olundu. Sessiyalarda FDI-nin aparıcı nümayəndələri – o cümlədən FDI Prezidenti Dr. Nikolay Şarkov, FDİ prezidentliyə namizəd Prof. Yanq Quk Park və Baş Assambleyanın sədri Dr. Stiven Lyu – eləcə də FDI rəhbərliyinin digər üzvləri və beynəlxalq stomatologiya ictimaiyyətinin təmsilçiləri çıxış ediblər. Baş Assambleya beynəlxalq dialoq, peşəkar təcrübə və fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayaraq dünya miqyasında ağız sağlamlığının təşviq edilməsi istiqamətində milli stomatologiya təşkilatları arasında əməkdaşlığı daha da gücləndirilməsi üçün zəruri platforma oldu.

Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Rəna Əliyeva nümayəndə heyətinin rəhbəri olaraq FDI Dünya Stomatoloji Parlamentinin işində, Baş Assambleyada fəal iştirak edərək müxtəlif platformalarda milli stomatoloji assosiasiyanın apardığı araşdırmalar, həyata keçirtdiyi tədbirlər, təhsil müəssisələri ilə əməkdaşlıq və digər mövzular üzrə fikir mübadiləsi aparmışdır.

Bundan əlavə t.e.d. Rəna Əliyeva Ümumdünya Stomatologiya Federasiyasının qeyd olunan Konqresi ilə paralel şəkildə keçirtdiyi və Avropa stomatologiya təşkilatlarının nümayəndələrinə peşə və regional əməkdaşlığa dair məsələləri müzakirə etmək üçün platforma olan Avropa Regional Təşkilatının (ERO) Plenar Sessiyasına və İşçi Qruplarının iclaslarına qatılmışdır.

Daha sonra NLO (Milli Əlaqələndiricilər) Forumunda iştirak edən Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti tədbir çərçivəsində təşkil olunan görüşlərdə diş və ağız sağlamlığı mövzusu üzrə aparılan işlərlə bağlı məlumat vermiş, Assosiasiyanın hesabat dövrü ərzində həyata keçirtdiyi tədbirlər barədə, o cümlədən ASA tərəfindən Azərbaycan Respublikasının Səhiyyə nazirliyinin Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqda təşkil olunan seminar və vorkşoplarla haqqında məlumat vermişdir.

ASA prezidenti həmçinin milli qrupların fəaliyyətini əlaqələndirmək; qadın stomatoloqlar və onların iş təcrübələri haqqında məlumatların toplanmasını təşviq etmək; mövcud bərabərsizlikləri aradan qaldırmaq; dünyanın müxtəlif yerlərindəki qadınlar arasında əlaqələri asanlaşdırmaq və onların peşənin bütün sahələrində tam iştirakını gücləndirmək məqsədilə fəaliyyət göstərirən Dünya üzrə Qadın Stomatoloqların 140dan çox iştirakçının qatıldığı İllik Toplantısında iştirak etmişdir.

Bu mötəbər beynəlxalq tədbirin təntənəli açılış mərasimində Beynəlxalq Stomatoloqlar Federasiyasının prezidenti Dr. Nikolay Şarkov, Çex Stomatoloji Palatasının prezidenti t.e.n. Roman Şmukler və Çexiyanın Səhiyyə naziri Adam Voytex çıxışlarında qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti və müasir stomatologiya sahəsində yeni uğurların əldə edilməsi üçün milli stomatoloji assosiasiyaların əməkdaşlığının vacibliyini, və buna zəmin yaradan Ümumdünya Stomatoloji Konqresin əhəmiyyətini vurğuladılar. Açılış mərasimində ənənəvi keçirilən bayraq nümayişi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin bayrağının təqdim olunmasını xüsusi fəxrlə qeyd etdilər.

Bir neçə gün davam edən Dünya Stomatoloji Konqresi müasir stomatologiyanın inkişaf istiqamətlərinin, yeni elmi yanaşmaların və innovativ texnologiyaların müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Tədbirin elmi proqramı 100-dən çox sessiyanı və 50-dən artıq beynəlxalq məruzəçini əhatə edir. İştirakçılar üçün hər gün davamlı tibbi təhsil imkanları yaradılıb, həmçinin elmi sessiyalarda süni intellekt əsaslı canlı tərcümə sistemi tətbiq olunub.

Azərbaycan Stomatoloji Assosiasiyasının üzvlərindən ibarət nümayəndə heyəti tədbir zamanı stomatologiya sahəsində ən son məhsul, avadanlıq, texnologiya və innovasiyaların təqdim olunduğu genişmiqyaslı sənaye sərgisində də iştirak edərək, müvafiq sahələrdə yeniliklərlə tanış olublar.

Tədbir zamanı elmi proqram çərçivəsində iştirakçıların hesabat dövrü üzrə fəaliyyətinin nümayişi üçün təşkil olunmuş xüsusi sərgi zonasında Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndə heyəti məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında aparılmış araşdırmaların nəticəsi olaraq, məqsəd qrupu içində ağız sağlamlığı məsələləri, kariyes və digər diş və ağız xəstəlikləri ilə bağlı əldə olunan məlumatlar, statistik verilənlər və mövcud problemlərin aradan qaldırılması üçün çıxış yolları barədə təfərrüatlı təqdimat etmiş, təqdimat sərgidə iştirak edən qonaqların marağına səbəb olmuşdur.

Qeyd olunmalıdır ki, elmi proqram robotik implant yerləşdirilməsi kimi qabaqcıl texnologiyaların klinik praktikaya tətbiqi, eləcə də təbii dişlərin mümkün qədər qorunmasına yönəlmiş müasir müalicə metodları müzakirsini özündə əks etdirir. Həmçinin konqresin əsas müzakirə mövzuları sırasında da süni intellekt və stomatologiyada rəqəmsal transformasiya, robot texnologiyalarının tətbiqi, implantologiya, müasir diaqnostika, biomateriallar, endodontik müalicə, təbii dişlərin qorunması, uşaqlarda ağız sağlamlığı, minimal invaziv müalicə üsulları və pasiyentyönümlü yanaşmalar xüsusi yer tutur. Bu platformalar qlobal stomatologiya siyasətinin formalaşdırılması, ağız sağlamlığının universal səhiyyə təminatının ayrılmaz hissəsi kimi təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Praqada keçirilən FDI Ümumdünya Stomatoloji Konqresi 2026 qlobal stomatologiyanın gələcəyinin müzakirə edildiyi, yeni elmi və texnoloji imkanların təqdim olunduğu və ağız sağlamlığının daha yüksək səviyyədə qorunmasına yönəlmiş beynəlxalq əməkdaşlığın möhkəmləndirildiyi mühüm platformada Azərbaycan Stomatoloji Assosiasiyasının yüksək səviyyədə təmsil olunması, eyni zamanda qurum aktual mövzular üzrə aparılan müzakirələr qurumun gələcəkdə yerli və beynəlxalq müstəvidə fəaliyyətinə öz töhfəsini verəcəkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR