Ağaclar monitorinq olunmalıdır: "Sağlam görünənlər belə aşa bilər"

Ağaclar monitorinq olunmalıdır: "Sağlam görünənlər belə aşa bilər"
Kateqoriya məlum deyil
T

"Bakıda və digər şəhərlərdə güclü külək zamanı ağacların aşaraq insanlara, avtomobillərə və infrastruktura zərər vurmasının qarşısını almaq üçün ağacların əvvəlcədən peşəkar şəkildə qiymətləndirilməsi vacibdir".

Bunu dünən güclü küləkdən sonra bir neçə ağacın aşması faktını Sfera.az-a şərh edən zaman ekoloq Cəmşid Bəxtiyar bildirib.

Ekoloq dedi ki, bu cür hallar yalnız Bakı ilə məhdudlaşmır, Gəncə və digər yaşayış məntəqələrində də güclü küləklər zamanı yaşlı və zəifləmiş ağacların aşması müxtəlif fəsadlara səbəb olur.

Onun sözlərinə görə, ağacların təhlükəli olub-olmaması yalnız xarici görünüşünə əsasən müəyyən edilməməlidir:

"Hətta yaşıl və sağlam görünən ağacların gövdəsinin daxilində çürümə və ya kök sistemində zədələnmə ola bilər. Yaşayış məntəqələrində və yol kənarlarında yerləşən ağaclar peşəkar şəkildə inventarlaşdırılmalı, hər ağac üçün elektron kart yaradılmalıdır. Bu zaman ağacın yaşı, növü, gövdəsinin vəziyyəti, kök sistemi, çürümə və xəstəlik əlamətləri, eləcə də elektrik xətləri, yollar və binalara məsafəsi qiymətləndirilməlidir”.

C.Bəxtiyar vurğulayıb ki, ağacların texniki müayinəsi arborist və dendroloqlar tərəfindən aparılmalı, ağacın kəsilib-kəsilməməsi ekspertiza əsasında müəyyənləşdirilməlidir:

“Qoca ağac təhlükəli ağac demək deyil. Sağlam və ekoloji baxımdan qiymətli ağaclar mümkün qədər qorunmalıdır. Lakin ağacın gövdəsi ciddi çürüyübsə, kök sistemi zəifləyibsə və aşması insanlar üçün real təhlükə yaradırsa, onun saxlanılması düzgün deyil”.

Ekoloqun fikrincə, təhlükəli ağaclarla bağlı tədbirlər risk səviyyəsinə uyğun həyata keçirilməlidir:

"Məktəb, xəstəxana, avtobus dayanacağı və avtomobil yollarının yaxınlığındakı ağaclar daha yüksək risk zonasında hesablanmalı və onlara xüsusi diqqət ayrılmalıdır. Kəsilən ağacın yerinə təsadüfi şəkildə yeni ağac əkmək kifayət deyil. Yeni ağacın yerli iqlimə, torpaq və su şəraitinə, külək risklərinə uyğunluğu, gələcəkdə ölçüsü və kök sisteminin inkişafı nəzərə alınmalıdır. Güclü külək barədə əvvəlcədən xəbərdarlıq edildikdə, monitorinq zamanı yüksək riskli hesab olunan ağacların siyahısı nəzərdən keçirilməli və külək başlamazdan əvvəl zəruri tədbirlər görülməlidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR