Cəmi 45 dəqiqə: Ən qısa müddət hakimiyyətdə QALANLAR

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin siyasi tarixində yeni rekorda imza atıb.
Sfera.az xəbər verir ki, Meloninin rəhbərlik etdiyi hökumət İkinci Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddət fasiləsiz fəaliyyət göstərən hökumət olub. O, 2022 - ci ilin oktyabrında baş nazir vəzifəsinə gəlib.
Meloninin hökuməti 1 413 gün fəaliyyət göstərərək Silvio Berluskoninin 1 412 günlük rekordunu geridə qoyub. İtaliya siyasi tarixində bu göstərici xüsusilə diqqətçəkəndir. Çünki ölkədə 1946 - cı ildən bu yana çoxsaylı hökumət dəyişiklikləri baş verib. İtaliyada hökumətlərin orta fəaliyyət müddəti təxminən 14 ay təşkil edib.
Dünyada isə liderlərin hakimiyyətdə qalma müddəti bundan daha fərqli olub. Bəzi dövlət başçıları illərlə vəzifədə qaldığı halda, tarixdə cəmi bir neçə gün, hətta bir neçə dəqiqə hakimiyyətdə olan şəxslər də var.
Pedro Lascurain - 45 dəqiqə
Meksikanın prezidenti Pedro Lascurain dünyanın ən qısa müddət hakimiyyətdə qalan dövlət başçılarından biridir. O, 1913-cü ildə prezident vəzifəsini cəmi 45 dəqiqə icra edib. Onun hakimiyyəti ölkədə baş verən siyasi çevrilişlə bağlı olub.
Uilyam Henri Harrison - 31 gün
ABŞ-nin doqquzuncu prezidenti Uilyam Henri Harrison da ən qısa müddət vəzifədə qalan dövlət başçıları sırasındadır. O, 1841-ci ildə prezident seçildikdən 32 gün sonra vəfat edib. Bu, ABŞ tarixində ən qısa prezidentlik müddətidir.
Liz Trass - 49 gün
Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trass ölkə tarixində ən qısa müddət vəzifədə qalan hökumət başçısıdır. O, 2022-ci ildə vəzifəyə gəlib və cəmi 49 gün sonra istefa verib.
Frank Ford - 8 gün
Avstraliyada isə ən qısa müddət Baş nazir vəzifəsində qalan şəxs Frank Ford olub. O, 1945-ci ildə Baş nazir Con Körtinin ölümündən sonra hökumətə rəhbərlik edib. Ford bu vəzifədə cəmi 8 gün qalıb.
Firuzə Əliyeva






