Sentyabrda hər şey fərqli olur - Psixoloji səbəblər

Sentyabrda hər şey fərqli olur - Psixoloji səbəblər
Kateqoriya məlum deyil
T

Sentyabr bir çox insan üçün yeni başlanğıc dövrü kimi qəbul olunur və bu zaman insanlar yeni məqsədlər qoymağa, idmana, pəhrizə və fərqli vərdişlərə başlamağa daha çox meyllənirlər.

Psixoloq Nizami Orucov Sfera.az-a açıqlamasında deyib ki, sentyabr bir çox insan üçün yeni mərhələnin başlanğıcı kimi qəbul edilir.

Məktəb və universitetlərin açılması, iş rejiminin dəyişməsi, yay tətilinin başa çatması insanda sanki yeni səhifə açıldığı hissini yaradır.

Psixoloq bildirib ki, təqvimdə müəyyən tarixlər insan üçün psixoloji sərhəd yarada bilər. Bu, “yeni başlanğıc effekti” adlanır. Onun sözlərinə görə, insan keçmiş dövrü geridə qoyaraq bundan sonra hər şeyin fərqli olacağına daha çox inanmağa başlayır:

“Bu dövrdə insanlar idmana başlamaq, pəhrizə keçmək, daha çox kitab oxumaq, yeni işə başlamaq və gündəlik rejimini dəyişmək kimi qərarlar verirlər. Lakin ilkin motivasiya hər zaman davamlı olmur. Böyük hədəflər qarşıya qoyulduqda və həmin temp qorunmadıqda insan məyus olaraq başladığı işi yarımçıq qoya bilər”.

Psixoloqun fikrincə, sentyabrda yaranan motivasiyanı davamlı dəyişikliyə çevirmək üçün böyük qərarlardan çox, kiçik və real addımlara üstünlük vermək lazımdır:

"Məsələn, hər gün idman etmək əvəzinə həftədə üç dəfə 30 dəqiqə məşqlə başlamaq daha real yanaşmadır. "Daha sağlam yaşayacağam” kimi ümumi məqsədlər əvəzinə, həftədə üç dəfə məşq etmək və ya gecə saat 12-dən gec olmayaraq yatmaq kimi konkret hədəflər müəyyənləşdirmək daha faydalıdır. İnsan özündən mükəmməllik gözləməməlidir. Bir gün rejimin pozulması bütün planın uğursuz olduğu anlamına gəlmir. Əsas məsələ dayandıqdan sonra yenidən başlamağı bacarmaqdır”.

Psixoloq hesab edir ki, dəyişiklik yalnız motivasiyaya bağlanmamalıdır:

"Çünki motivasiya dəyişkəndir. Davamlı nəticə üçün vərdiş yaratmaq, gündəlik rejim qurmaq və davranışı mümkün qədər avtomatlaşdırmaq lazımdır. Sentyabrı dəyişiklik üçün fürsət kimi görmək müsbət yanaşmadır, lakin insan özünü yalnız müəyyən bir tarixlə məhdudlaşdırmamalıdır. Əsas məqsəd sentyabrda başladığı yaxşı vərdişi sonrakı aylarda da davam etdirə biləcək qədər real şəkildə qurmaqdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR